MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
03 dekabr 2013 | 03:12   
Paylaşın:        

Dekabrın 2-də Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ölkəmizdə səfərdə olan Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının qadınlara qarşı zorakılıq səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Raşida Manjun ilə görüşdü.
Rəbiyyət Aslanova qonağa insan haqlarına dair milli qanunvericiliyimiz və həyata keçirilən  proqramlar, görülən işlər barədə geniş məlumat verdi. Bildirdi ki, bu gün dünyada qadınlara qarşı zorakılıq hallarının aradan qaldırılması istiqamətində geniş iş aparılır. Demokratik, hüquqi, sosial tərəqqi yolunu seçən ölkəmizdə bu məsələ prioritet təşkil edir.  Azərbaycan Şərqdə qadınlara seçib-seçilmək hüququ verən ilk dövlətdir. Ölkəmizdə bu günlərdə 65 illiyi qeyd olunacaq Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin müddəalarının əks olunduğu milli qanunvericilik bazası yaradılıb, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları”, “Məişət zorakılığının qarşısının alınması” haqqında qanunlar, İnsan Hüquqlarının qorunmasına dair Milli Fəaliyyət Proqramı qəbul olunub. Qanunların qəbulu ilə yanaşı, geniş maarifləndirmə işi də aparılır.
Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları Şurasının qadınlara qarşı zorakılıq səbəbləri və nəticələri üzrə xüsusi məruzəçisi Raşida Manjun bütün dünyada qadınlara qarşı  zorakılıq hallarının baş verdiyini və heç bir ölkənin bu problemin aradan qaldırılmasına nail olmadığını, lakin bu istiqamətdə mübarizənin aparıldığını dedi. Bildirdi ki, Bakıda olduğu müddətdə hökumət və qeyri-hökumət qurumları təmsilçiləri ilə müxtəlif görüşlər keçirəcək.
Görüşdə qadın hüquqlarının qorunması mövzusunda geniş fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU