AZƏRBAYCAN-TAİLAND MÜNASİBƏTLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
04 dekabr 2013 | 05:12   
Paylaşın:        

Dekabrın 4-də Milli Məclisin sədr müavini Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdü.
Valeh Ələsgərov bildirdi ki, Azərbaycan qısa müddətdə bütün sahələrdə sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir. Artıq sərmayə yatırılan ölkədən investisiya qoyan ölkəyə çevrilən Azərbaycan son on ildə iqtisadiyyatın artım tempinə görə dünyanın sürətlə inkişaf edən dövlətlərindən biridir.
Azərbaycan-Tailand münasibətlərindən danışan vitse-spiker ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söylədi. Diqqətə çatdırdı ki, ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 1 milyard 500 milyon dollara yaxın olmuşdur.
Milli Məclis sədrinin müavini iki ölkə arasında bütün sahələrdə mövcud əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensialın olduğunu  qeyd etdi.
Dağlıq Qarabağ münaqişəsinə toxunun Valeh Ələsgərov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü qonaqların nəzərinə çatdırdı.
Tailand Krallığı Parlamentinin Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Virun Pünsən də Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırdı. O, ölkəmizdə olduğu iki günlük səfər boyu Azərbaycanın sürətlə inkişaf etdiyinin şahidi olduğunu bildirdi. Qeyd etdi ki, Tailand Azərbaycan neft və qazının əhəmiyyətli istehlakçılarındandır. Tailandın neft və qaz kimi təbii sərvətləri olmasa da, ərzaq və kənd təsərrüfatı məhsulları, həmçinin dərman preparatları sahəsində əməkdaşlığa hazırdır.
V.Pünsən əlavə etdi ki, Tailand Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini dəstəkləyir.
Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzular ətrafında fikir mübadiləsi aparıldı.

*        *       *

Həmin gün Azərbaycan-Tailand parlamentlərarası işçi qrupunun üzvləri ölkəmizdə səfərdə olan Tailand-Azərbaycan parlamentlərarası işçi qrupunun üzvləri ilə görüşdülər.
Azərbaycan-Tailand parlamentlərarası işçi qrupunun rəhbəri Rauf Əliyev iki ölkə arasındakı münasibətlərdən danışaraq bildirdi ki, Azərbaycanla Tailand arasında diplomatik münasibətlər 1992-ci ildə yaradılmış və bu gün yüksələn xətt üzrə inkişaf edir. Ölkələrimiz arasındakı siyasi, iqtisadi əlaqələrdən danışan Rauf Əliyev bütün sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğuladı.
Qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayan işçi qrupunun rəhbəri bu cür görüşlərin parlamentlərimiz arasındakı münasibətlərin inkişafında önəmli rol oynayacağını diqqətə çatdırdı.
Söhbət zamanı Rauf Əliyev qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verdi. Bildirdi ki, BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi  dörd qətnamə Ermənistan tərəfindən hələ də yerinə yetirilmir.
Tailand-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Virun Pünsən ölkələrimiz arasında əməkdaşlığın inkişafında qanunverici orqanların da mühüm rol oynadığını vurğuladı.
Tailandın Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında  maraqlı olduğunu söyləyən Virun Pünsən gələcəkdə həyata keçiriləcək birgə layihələrin əhəmiyyətini qeyd etdi.
Görüşdə gələn il Tailandda Azərbaycan səfirliyinin açılacağının gözlənildiyi də diqqətə çatdırıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU