MİLLLİ MƏCLİSLƏ MEKSİKA SENATI ARASINDA ƏMƏKDAŞLIQ GENİŞLƏNİR

XƏBƏRLƏR
15 yanvar 2014 | 11:01   
Paylaşın:        

Yanvarın 13-də Milli Məclisin Beynəlxalq münasibətlər və  parlamentlərarası əlaqələr  komitəsi üzvlərinin ölkəmizdə  səfərdə olan Meksika  Senatı  Xarici əlaqələr  komitəsinin  üzvləri ilə  görüşü oldu.
Qonaqları salamlayan komitə sədri Səməd Seyidov onlara parlamentdə  qəbul edilən sənədlər, qanun yaradıcılığı prosesi, rəhbərlik etdiyi komitənin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirildi ki, Azərbaycanın  Latın Amerikası ölkələri, o cümlədən Meksika ilə əlaqələri yaxşı səviyyədədir və bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün xalqlarımız bir-birinə dəstək göstərməlidirlər. Qeyd  olundu ki, hər iki ölkədə mədəniyyət, iqtisadiyyat, səhiyyə, təhsil sahələrində əməkdaşlığın inkişafı üçün  geniş potensial var. Sonra komitə sədri xalqlarımız arasında oxşar mədəniyyətlər, Azərbaycan  cəmiyyətində  qadınların rolu,  ölkəmizdə gender  bərabərliyi  prinsiplərinin qorunması barədə geniş söhbət  açdı.   
Görüşdə  komitə  sədrinin müavini Sevinc  Fətəliyeva və deputat  Asim Mollazadə çıxış edərək paytaxt Mexikoda Xocalı faciəsi qurbanlarının xatirəsinə ucaldılan  abidənin Meksika  hökuməti  tərəfindən xalqımıza, ölkələrimiz  arasındakı  dostluğa  verilən  yüksək  qiymət kimi dəyərləndirdilər.
Meksika  Senatı  Xarici əlaqələr komitəsinin sədri, senator  Qabriela Kuevas Barron səmimi görüş və ətraflı məlumat  üçün minnətdarlığını  bildirdi. Qonaq Meksika  ilə Azərbaycan  arasında  dostluğun  hər  zaman  davam  etdirilməsi  üçün əllərindən  gələni əsirgəməyəcəklərini vurğuladı. Xanım senator qeyd  etdi ki,  Şərqin bu  gözəl ölkəsi onlar  üçün hər  zaman maraqlı olub və birgə əməkdaşlığımız  hələ bir çox mötəbər  qələbələrə  yol açacaq.  
Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir  mübadiləsi  aparıldı.
Görüşün sonunda Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Meksika Senatı Xarici Əlaqələr  komitəsi arasında əməkdaşlıq  və parlamentlərarası  dialoq haqqında anlaşma  memorandumu  imzalandı.

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU