MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
13 yanvar 2014 | 06:01   
Paylaşın:        

Yanvarın 13-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Meksika Senatının Xarici əlaqələr komitəsinin üzvləri ilə görüşdü.
Ziyafət Əsgərov qonaqları salamlayaraq bildirdi ki, son illər Meksika ilə Azərbaycan arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Vitse-spiker Meksika Senatı və Deputatlar Palatası  nümayəndə heyətlərinin Azərbaycana səfərlərini xatırlayaraq, ölkəmizdə Meksika ilə əlaqələrin inkişafına böyük önəm verildiyini vurğuladı. O, hər iki parlamentin müvafiq komitələri arasında əməkdaşlıq haqqında  Memorandumun imzalanmasını yüksək dəyərləndirdi.
Görüşdə Milli Məclis Sədrinin birinci müavini ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı barədə fikirlərini açıqladı. O, 2006-cı ildə BMT-də GUAM-la əməkdaşlıq üzrə qətnamənin qəbulunda, 2010-cu ildə qeyri-maddi mədəni sərvətlərin qorunması ilə bağlı sənədin müzakirələrində, xüsusilə də 2012-ci ildə Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən Meksikanin dəstəyini minnətdarlıqla qeyd etdi. Bununla yanaşı, Meksika Senatında və Deputatlar Palatasında  Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı ilə bağlı qəbul olunan qətnamələrin vacibliyini vurğuladı, bunu münasibətlərimizin inkişafında əhəmiyyətli addım kimi qiymətləndirdi.
Ziyafət Əsgərov müstəqil Azərbaycanın keçdiyi yoldan, qazanılan uğurlardan söhbət açaraq, ölkəmizin üzləşdiyi Dağlıq Qarabağ münaqişəsinin bütöv bir regionun tərəqqisinə böyük maneələr törətdiyini  təəssüf hissi ilə qeyd etdi.  Bildirildi ki, problemlə bağlı beynəlxalq təşkilatların qəbul etdikləri qərarlara baxmayaraq, Ermənistan hələ də öz işğalçılıq siyasətini davam etdirir. O, Azərbaycanın problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə çalışdığını vurğuladı.
Meksika Senatının Xarici əlaqələr komitəsinin sədri Qabriela Kuevas Barron belə yüksək səviyyədə görüşə görə minnətdarlığını bildirdi. Senator Azərbaycanda həyatın bütün sahələrində gedən yüksək inkişaf, əldə olunan nailiyyətlərlə bağlı xoş təəssüratlarını bölüşdü. Ölkələrimiz arasında müxtəlif sahələr üzrə sıx əməkdaşlığın mövcudluğunu qeyd etdi. Gələcəkdə də siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirdi. Qonaq Dağlıq Qarabağ münaqişəsinə toxunaraq, problemin sülh yolu ilə, ədalətli həll olunacağına əminliyini ifadə etdi.
Görüşdə dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolu, Azərbaycan ilə Meksika arasında əlaqələrin inkişaf perspektivləri, qarşılıqlı səfərlərin əhəmiyyəti və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU