MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
31 yanvar 2014 | 05:01   
Paylaşın:        

Yanvarın 31-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Gəncə Regional Qadın Mərkəzinin Gəncə şəhərində, Daşkəsən və Şəmkir rayonlarında qızlardan ibarət orta məktəb şagirdləri arasında keçirdiyi “Lider olmaq istəyirəm” layihəsinin qalibləri ilə görüşdü.
Bahar Muradova qonaqları Azərbaycan parlamentində görməkdən məmnunluğunu bildirdi. Qeyd etdi ki, Gəncə Regional Qadın Mərkəzinin həyata keçirdiyi bu layihə Azərbaycan cəmiyyətində gənc qızların qadın lider kimi yetişməsinə böyük kömək ola bilər. Bahar Muradova ölkəmizdə qadınların inkişafı üçün həyata keçirilən işlər, ictimai-siyasi həyatda qadınlarımızın rolu, qadınların hüquq və vəzifələri və digər mövzularda fikirlərini açıqladı. 
Sonra Gəncə Regional Qadın Mərkəzinin sədri, Gəncə Aqrar Universitetinin müəllimi Məleykə Əlizadə rəhbərlik etdiyi qurum və onun fəaliyyəti barədə məlumat verdi. Layihə barədə məlumat verən M.Əlizadə bildirdi ki, əsas məqsəd Azərbaycan cəmiyyəti üçün lider qadın yetişdirməkdir. Layihənin əsas iştirakçıları orta məktəblərin yuxarı sinif şagirdləridir. Layihənin məqsədi gənc qızlarda liderlik bacarıqlarını üzə çıxarmaq, onların fərdi inkişaflarına yardım etməkdir. Məlumat verildi ki, 3 mərhələdən ibarət olan müsabiqədə 45 şagirddən 7-si qalib seçilib.
Sonra görüşdə iştirak edən xanım deputatlar Rəbiyyət Aslanova, Elmira Axundova, Gülçöhrə Məmmədova və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova çıxış edərək qalib qızlara tövsiyələrini bildirdilər.
Qeyd olundu ki, müxtəlif nazirliklərdə də layihənin qalibləri ilə görüşlərin keçirilməsi planlaşdırılır.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU