AZƏRBAYCAN-İSPANİYA ƏMƏKDAŞLIĞININ GENİŞLƏNMƏSİ ÜÇÜN YAXŞI PERSPEKTİVLƏR VAR

XƏBƏRLƏR
06 fevral 2014 | 04:02   
Paylaşın:        

Fevralın 6-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov İspaniya Parlamenti üzvlərindən ibarət Azərbaycanla qeyri-formal dostluq qrupunun nümayəndə heyəti ilə görüşdü.
Ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərindən söz açan Ziyafət Əsgərov deputatların NATO, AŞPA kimi nüfuzlu beynəlxalq qurumlarda görüşdüklərini, Avropa İttifaqı çərçivəsində yaxşı əlaqələrimiz olduğunu qeyd etdi. Qonaqlara Azərbaycanın bölgədə həyata keçirdiyi qlobal neft-qaz layihələri barədə danışdı. Avropanın enerji təchizatında ölkəmizin oynadığı  roldan bəhs etdi. Azərbaycanla İspaniya arasındakı ticarət dövriyyəsinə dair faktları diqqətə çatdıraraq daha geniş sahədə əməkdaşlıq üçün imkanlarımız olduğunu bildirdi. Bu baxımdan kənd təsərrüfatı, turizm və idman sahələrini xüsusi vurğuladı. İdman və turizmin inkişafı sahəsində Azərbaycandakı yeniliklər barədə qonaqlara məlumat verdi. İspaniya futbolunun səviyyəsini təqdir edərək bu sahədə əməkdaşlığın yaxşı nəticələr verəcəyini söylədi.
Milli Məclis Sədrinin birinci müavini parlamentlərarası əlaqələrin əhəmiyyətini yüksək dəyərləndirərək qeyd etdi ki, ölkələrimiz arasında daha sıx və çoxşaxəli əməkdaşlığın inkişafı üçün biz parlamentarilər hüquqi bazanı daha da genişləndirməliyik.
Sonra Ziyafət Əsgərov Dağlıq Qarabağ problemindən ətraflı söhbət açdı. İspan deputatların nəzərinə çatdırdı ki, Ermənistanın təcavüzkar mövqeyi hələ də davam edir, son həftələrdə erməni tərəfi atəşkəs rejimini dəfələrlə pozub, sərhədyanı bölgələrimizdə itkilərimiz var. Bədnam qonşularımız 1988-ci ildən bugünədək Azərbaycan ərazisində yüzlərlə terror hadisəsi, 1992-ci ilin 26 fevralında isə Xocalı qətliamını törədiblər. I vitse-spiker bildirdi ki, Ermənistanın rəhbərliyi daim siyasi və dini ekstremizmi dəstəkləyir.
Görüşdə nümayəndə heyəti adından fikirlərini bölüşən İspaniya Xalq Partiyasının Valensiya üzrə deputatı, Xarici işlər üzrə komissiyanın təmsilçisi Xose Maria Çikiyo qəbula görə təşəkkürünü bildirdi. Azərbaycanla sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduqlarını qeyd edərək qarşılıqlı səfərlərin intensivləşməsi vacibliyini vurğuladı. Hazırkı səfərdən məqsədin Azərbaycan reallıqlarını öz gözləri ilə görüb həqiqəti anlamaq olduğunu dedi.
Qonaq bildirdi ki, Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın ərazi bütövlüyünün pozulduğu, Xocalı faciəsi barədə məlumatlıdırlar. 20 ildən çoxdur ki, Ermənistan BMT TŞ-nın müvafiq qətnamələrinə əməl etmir. İnsan hüquqlarının qorunması vacibliyinə toxunan Xose Maria Çikiyo qeyd etdi ki, Azərbaycanın qaçqın və köçkünləri yalnız ev-eşiyini itirməyib, eyni zamanda psixoloji travma alıbdır. Biz o travmanın aradan qaldırılması, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlimizdən gələni etməyə hazırıq. Onu da nəzərə çatdırdı ki, parlamentlərarası əlaqələrimizin möhkəmlənməsi İspaniyanın iri şirkətlərinin də  Azərbaycana gəlişinə yol aça bilər.
Görüşdə tərəfləri maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparıldı.


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU