ÇİN KOMMUNİST PARTİYASININ ÜZVLƏRİ MİLLİ MƏCLİSDƏ OLDULAR

XƏBƏRLƏR
11 fevral 2014 | 11:02   
Paylaşın:        

Fevralın 10-da  Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərovun Azərbaycanda səfərdə olan Çin Kommunist Partiyasının nümayəndə heyəti ilə görüşü oldu. 
Qonaqları  salamlayan  Ziyafət  Əsgərov  ölkələrimizin tarixi dostluq münasibətlərindən geniş söz açdı. Azərbaycanla Çin arasında əlaqələrin yüksələn xətlə inkişaf etməsində dövlət başçılarının qarşılıqlı səfər və görüşlərinin xüsusi rolunu vurğuladı. Birinci vitse-spiker ölkəmizin əldə etdiyi uğurlardan, iqtisadi inkişaf tempindən, Azərbaycanın  təşəbbüskarı və  fəal iştirakçısı olduğu qlobal layihələrdən, o cümlədən Qədim İpək Yolunun tərkib hissəsi sayılan Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisindən geniş bəhs etdi. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı bünövrənin olduğu vurğulandı.
Ziyafət  Əsgərov  qonaqlara Dağlıq Qarabağ münaqişəsi barədə geniş məlumat verdi.  Bildirildi ki, işğal etdiyi Azərbaycan  torpaqlarını qeyd-şərtsiz azad etmək barədə beynəlxalq qurumların çoxsaylı qətnamələrinə məhəl qoymayan Ermənistan ərazilərimizin 20 faizini işğal altında saxlayır. Münaqişə nəticəsində 1 milyona yaxın soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Bu problem həm də bütün regionun  təhlükəsizliyini təhdid altında saxlayır. Birinci vitse-spiker Çin Xalq  Respublikasına Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirdi.
Səmimi görüş üçün təşəkkürünü bildirən Çin Kommunist Partiyasının Beynəlxalq Əlaqələr şöbəsinin sədr müavini Çjoy Li ölkələrimizin yüksək səviyyədə olan dostluq münasibətlərindən məmnunluğunu bildirdi. Dedi ki, Azərbaycan və Çin hər ikisi dünyada inkişaf edən, sülhsevər, qədim tarixə, mədəniyyətə və yüksək dəyərlərə sahib olan ölkələrdir. Qonaq ölkələrimizin qanunverici orqanları arasındakı əməkdaşlıqdan razılıq etdi. Dedi ki, onun xalqı Qədim İpək Yolunun bərpasını və bunu sülhsevər Azərbaycanla gerçəkləşdirməyi arzulayır. Dağlıq Qarabağ münaqişəsindən danışan qonaq ölkəsinin bu məsələdə mövqeyinin dəyişməz olduğunu dedi.
 Görüşdə qarşılıqlı maraq  doğuran digər məsələlərlə bağlı fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU