TÜRKDİLLİ ÖLKƏLƏRİN PARLAMENT ASSAMBLEYASININ KOMİSSİYA İCLASININ AÇILIŞI OLDU

XƏBƏRLƏR
11 fevral 2014 | 03:02   
Paylaşın:        

Fevralın 11-də  Milli Məclisdə Türkdilli ölkələrin Parlament Assambleyasının İqtisadiyyat, ticarət və maliyyə məsələləri komissiyasının üçüncü iclası öz işinə başladı. “Türkdilli dövlətlər arasında iqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu” mövzusuna həsr  edilən iclasa 4 üzv ölkədən olan komissiya üzvləri, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının və TRASECA Hökumətlərarası Komissiyasının nümayəndələri qatılmışdı. 
Milli Məclisin deputatı, komissiyanın sədr müavini Sevinc Hüseynova iclası  açaraq toplantı  iştirakçılarını  salamladı. O, dedi: “Keçən ilin avqust ayında Qəbələdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının III Zirvə görüşü keçirildi. Həmin görüşdə qəbul olunan qərarlar “İqtisadi əməkdaşlıqda nəqliyyat kommunikasiyalarının rolu” mövzusunda hesabat məruzəsinin layihəsinə daxil olunub.”
İclasda  iştirak edən  Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd etdi ki, türk dövlətləri ilə Azərbaycanı birləşdirən bir çox amillər var. O, gələn il istifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu xətti layihəsindən  söz  açaraq  bildirdi ki, bu xətt Çindən Avropayadək bütün dövlətlərin nəqliyyat daşınmasını təmin edəcək. Ötən ilin dekabrında  Azərbaycanda imzalanan “Şahdəniz – 2”, Qədim İpək Yolunun bərpası kimi möhtəşəm layihələrin tətbiqi onu deməyə əsas  verir ki,  bu gün dünyanın nəqliyyat  lokomotivinin böyük bir  hissəsi  türk  dünyasının payına  düşür. Bizi birləşdirən təkcə nəqliyyat coğrafiyası deyil, ortaq tariximiz və mədəniyyətimizdir. Buna görə də siyasi, iqtisadi, mədəni  və digər sahələrdə əməkdaşlıq etməyimiz olduqca vacibdir. Bu baxımdan, bugünkü iclasın böyük əhəmiyyəti var. İnanıram ki, bu iclasda qəbul edilən qərarlar da  türk dünyasının inkişafına layiqli töhfələr verəcək. Türkdilli ölkələr arasında əməkdaşlıq imkanlarından bəhs edən vitse-spiker  təşkilatın üzvü olan dövlətlərin daxili zənginliyə və sürətli iqtisadi tərəqqiyə malik olduğunu diqqətə  çatdırdı.
Sonra TÜRKPA-nın baş katibi Jandos Asanov çıxış edərək vurğuladı ki,  türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələr çox  vacibdir. O, Qazaxıstanın qardaş Azərbaycanla ikitərəfli iqtisadi əməkdaşlığı daim yüksələn  xəttlə inkişaf etdiyini bildirdi, türkdilli dövlətlər arasında qarşılıqlı münasibətlərin inkişafına yardım edən və hərtərəfli əməkdaşlığı gücləndirən qurumların yaradılmasına tələbatın artdığını  dilə gətirdi.
Açılış mərasimində çıxış edən   Milli Məclisin Mədəniyyət komitəsinin sədri, qurumun  Sosial, mədəni və himanitar  məsələlər komissiyasının üzvü  Nizami Cəfərov qeyd etdi ki, nəqliyyat kommunikasiyası əlaqələri türk dünyasını təkcə iqtisadi cəhətdən birləşdirmir, xalqlarımızın birliyini   nümayiş  etdirir. Onun sözlərinə görə, nəqliyyat sahəsindəki əlaqələr  bu ölkələr  arasında mədəni əlaqələrin  daha da möhkəmlənməsinə xidmət etməklə bərabər  türk xalqlarının sosial inkişafına, rifah halının yaxşılaşmasında  böyük əhəmiyyət  daşıyır. 
Sonra  iclasın  gündəliyi  qəbul  edildi  və  mövzu  üzrə  müzakirələr  başladı.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU