AVRONEST PA-nın SİYASİ KOMİTƏSİNDƏ

XƏBƏRLƏR
12 fevral 2014 | 04:02   
Paylaşın:        

Xəbər verildiyi kimi, Belçikanın paytaxtı Brüsseldə Avronest Parlament Assambleyasının komitə iclasları keçirilir. Fevralın 11-də  Milli Məclisin deputatları Ceyhun Osmanlı, Fuad Muradov, Asim Mollazadə qurumun Siyasi komitəsinin iclasında iştirak etmişlər.
İclasda Şərq tərəfdaşlığı ölkələrində cari vəziyyət və komitədə hazırlanmış məruzə  müzakirə olunmuşdur. Tədbirdə deputat Asim Mollazadə çıxış edərək təklif edib ki, Şərq tərəfdaşlığı məkanında separatizmin qəbul edilməz olduğu komitənin məruzəsində öz əksini tapsın. O, fikrini belə əsaslandırıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ssenarini quruma üzv ölkələrdə də tətbiq etməyə çalışan qüvvələr vardır. Bu məsələdə Avropa İttifaqı Şərq tərəfdaşlığı ölkələrini dəstəkləməlidir.
Komitədə deputat Fuad Muradov təşkilata üzv ölkələrdə baş verən hadisələrə, o cümlədən Ukraynada olanlara Avropa İttifaqının gec mövqe bildirdiyini, gözləmə mövqeyini tutduğunu söyləyib. O, yalnız digər qüvvələrin reaksiyasından sonra təşkilatın mövqe açıqlamasının heç də düzgün olmadığını ifadə edib. Deputatımız Avropa İttifaqını Şərq tərəfdaşları ilə paralel olaraq Mərkəzi Asiya regionuna da xüsusi diqqət yetirməyə,  qurum çərçivəsindəki proseslərə bu ölkələri də daxil etməyə çağırıb. Onun bu fikirləri Avropa İttifaqının xarici siyasət xidmətinin Rusiya, Şərq tərəfdaşlığı və Mərkəzi Asiya departamentinin  rəhbəri cənab Günnar Vieqand tərəfindən müsbət dəyərləndirilib.
İclasda çıxış edən deputat Ceyhun Osmanlı bəzi tərəfdaş dövlətlər tərəfindən Avropa İttifaqına ancaq maliyyə resursu kimi baxılmasının düzgün olmadığını söyləyib. O, İttifaqın dəyərlər inteqrasiyası olduğunu qeyd edərək, bu prosesdə tərəqqipərvər dəyərlərin mübadiləsinin prioritet sayılmasının vacibliyini bildirib. Deputatımızın bu yanaşması komissiya təmsilçiləri tərəfindən dəstəklənib.
Müzakirələr zamanı deputatlarımız Xocalı soyqırımının öyrənilməsinin və gələcəkdə bu cür halların bir daha baş verməməsi üçün yeni nəsillərin məlumatlandırılmasının vacibliyini vurğulayıblar.
Avronest PA-nın komitə iclasları öz işini davam etdirir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU