İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının tədbirlərində

XƏBƏRLƏR
13 fevral 2014 | 06:02   
Paylaşın:        

Fevralın 18-19-da Tehranda İslam Əməkdaşlığı Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyası keçiriləcək. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı tədbirdə iştirak etmək üçün fevralın 14-də İran İslam Respublikasına səfər edəcəklər.
Sessiyanın gündəliyinə qurumun daimi komitələrinin qətnamələrinin təsdiqi, üzv dövlətlər arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri, sədrliyin Sudandan İran İslam Respublikasına keçməsi və digər məsələlər daxil edilmişdir.
Tədbir çərçivəsində qurumun İcraiyyə komitəsinin iclası, Siyasi və xarici məsələlər,  İqtisadi məsələlər, Qadın, ailə məsələləri və insan haqları, Sivilizasiyalararası və dinlərarası dialoq üzrə komitələrinin toplantıları, habelə müsəlman qadın parlamentarilərin konfransı keçiriləcək.
Yığıncaqlarda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsi, Fələstində, Kiprdə, Kəşmirdə vəziyyət, üzv dövlətlər arasında ticarətin genişləndirilməsi, təbii fəlakətlər nəticəsində yaranmış iqtisadi gərginliyin aradan qaldırılması, Avropada müsəlman miqrant ailələrin sığınacaq problemləri, islam dünyasında uşaq və gənclərin müdafiəsi, qeyri müsəlman dövlətlərdə islam mədəni irsinin qorunması  və digər məsələlər ətrafında müzakirələr aparılacaq.
Deputatlarımız tədbirlərdə müzakirə olunacaq məsələlərlə bağlı öz fikirlərini açıqlayacaqlar.
Səfər fevralın 20-də başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU