AZƏRBAYCAN-MƏRAKEŞ ƏLAQƏLƏRİ GENİŞLƏNİR

XƏBƏRLƏR
19 fevral 2014 | 05:02   
Paylaşın:        

Fevralın 19-da Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ölkəmizə səfərə gəlmiş Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə Komitəsinin sədri Ali Kəbirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdülər.
Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkələrimiz arasındakı dostluq və əməkdaşlıqdan söhbət açdı. Qeyd etdi ki, hər iki ölkənin deputatları beynəlxalq təşkilatlarda bir-birinə dəstək verir, sıx əlaqə saxlayırlar. Xüsusilə Dağlıq Qarabağ məsələsində Mərakeş birmənalı olaraq Azərbaycanın mövqeyini müdafiə edir.
Mədəni, dini və tarixi baxımdan zəncirvari əlaqələrimizin  olduğunu vurğulayan Səməd Seyidov bir çox sahələrdə, o cümlədən turizm, elm və təhsil sahələrində yaxşı əlaqələr qura biləcəyimizi qeyd etdi. Dostluq və əməkdaşlığın möhkəmlənməsində israrlı olduğumuzu nəzərə çatdırdı.
Mərakeş Krallığı Parlamentinin komitə sədri Ali Kəbiri ölkəmizə səfərdən məmnunluqlarını bildirdi. İki ölkə arasındakı münasibətlərin inkişafında səfirlərin xidmətlərini yüksək dəyərləndirdi. Mərakeşdə Azərbaycan səfirliyinin, Azərbaycanda isə Mərakeş səfirliyinin fəaliyyətə başladığı dövrdən etibarən ölkələrimiz arasında çoxlu sazişlərin imzalandığını dedi.
Nümayəndə heyətinin başçısı təmsil etdiyi parlamentin strukturu barədə məlumat verdi. Bildirdi ki, başçılıq etdiyi Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə Komitə parlamentin 9 komitəsi arasında ən böyüyüdür.  Ali Kəbiri vurğuladı ki, onun ölkəsi Azərbaycanla çoxtərəfli əməkdaşlığın qurulmasını,  parlamentlərarası münasibətlərin daha da möhkəmlənməsini arzulayır. Azərbaycanın hökumətində və parlamentində də Mərakeşlə əlaqələri dərinləşdirmək iradəsi var. İstək və iradə olan yerdə isə çox iş görmək mümkündür.
Sonra görüşdə komitənin sədr müavini Sevinc Fətəliyeva, deputat Rasim Musabəyov fikirlərini bölüşdülər. 
Bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılan görüşdə Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami iştirak edirdi.

  
 Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU