AZƏRBAYCANLA MƏRAKEŞİ SAF DOSTLUQ TELLƏRİ BAĞLAYIR

XƏBƏRLƏR
21 fevral 2014 | 03:02   
Paylaşın:        

Fevralın 21-də Milli Məclisin Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi  qrupu üzvlərinin  ölkəmizdə  səfərdə olan  Mərakeş  Krallığı Parlamentinin  Nümayəndələr  Palatasının  Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə komitəsinin sədri Ali Kəbiri ilə görüşü oldu. 
Qonağı  salamlayan  Milli Məclisin İnsan  hüquqları komitəsinin sədri,  Mərakeşlə parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü  Rəbiyyət Aslanova  xalqlarımız  arasında  tarixən  mövcud olan dostluq əlaqələrindən söhbət  açdı. Bildirildi ki, iki ölkə arasında münasibətlər gündən-günə inkişaf edir. Parlamentlər səviyyəsində sıx əlaqələr bu münasibətlərin inkişafına daha müsbət təsir göstərir. Rəbiyyət  Aslanova  Şimali Afrikanın bu gözəl ölkəsində gedən inkişafın Azərbaycanda diqqətlə  izlənildiyini vurğuladı və belə qarşılıqlı səfərlərin əhəmiyyətindən danışdı. O, Mərakeşin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsinin siyasi sahədə də sıx əlaqələr qurmağa təkan verdiyini vurğuladı. Komitə  sədri daha  sonra qonaqlara Milli Məclisin qanun yaradıcılığı prosesi, rəhbərlik etdiyi komitənin fəaliyyəti, ölkədə insan  hüquq  və  azadlıqlarının qorunması  sahəsində  görülən işlər  barədə də ətraflı məlumat verdi.
 Səmimi görüş  üçün  minnətdarlığını bildirən Ali Kəbiri iki ölkənin parlamentləri arasındakı dostluq əlaqələrinin nəzərə çarpacaq dərəcədə inkişaf etdiyini qeyd edərək dedi: “Azərbaycanı  Mərakeşə  sevdirən odur ki, 70 il  sovet  imperiyasının  təsiri  altında  olmasına  baxmayaraq  milli   və mənəvi dəyərlərini  qoruyub  saxlaya  bilib.  Bizi  saf  dostluq telləri birləşdirir və əməkdaşlığımız xalqlarımızın rifahına xidmət edir.”
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi  aparıldı.
Görüşdə Mərakeş Krallığı Parlamentinin Diplomatik məsələlər  üzrə müşaviri Caffali Munir, Mərakeşin Azərbaycandakı fövqəladə və səlahiyyətli  səfiri Hassan Hami və digər  rəsmi şəxslər iştirak  edirdilər.


Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU