MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
21 fevral 2014 | 05:02   
Paylaşın:        

Fevralın 21-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının Xarici əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş üzrə Komitəsinin sədri Ali Kəbiri ilə görüşdü.
Ölkələrimiz arasındakı əlaqələrin inkişafında dövlət başçılarının mühüm addımlar atdığını vurğulayan I vitse-spiker bildirdi ki, indiyədək Azərbaycanla Mərakeş arasında 12 hüquqi sənəd imzalanıb. Daha 12 sənəd imzalanmağa hazırlanır. Siyasi, iqtisadi, mədəni əlaqələrimiz yüksələn xətlə inkişaf edir. Ticarət sahəsində də əməkdaşlığın genişləndirilməsinə ehtiyac var. Münasibətlərin dərinləşməsində qarşılıqlı səfərlərin böyük rolu olduğunu qeyd edən Ziyafət Əsgərov parlamentlərarası əlaqələrimizin daha da sıxlaşmasının müsbət nəticələr verəcəyini bildirdi.
Qonaqların nəzərinə çatdırıldı ki, Azərbaycan bölgədə ən inkişaf etmiş lider dövlətdir. Lakin Dağlıq Qarabağ probleminin törətdiyi əngəllərin aradan qaldırılması üçün beynəlxalq dəstəyə ehtiyacımız var. Bu barədə BMT Təhlükəsizlik Şurasının, İslam Əməkdaşlığı Təşkilatının, Avropa  Şurasının və digər nüfuzlu beynəlxalq qurumların qətnamələri olsa da, təcavüzkar Ermənistan tərəfindən yerinə yetirilmir. Ziyafət Əsgərov Xocalı qətliamı barədə də ətraflı məlumat verdikdən sonra XX əsrin bu məşum faciəsinin soyqırımı kimi tanınması ilə əlaqədar bir sıra ölkələrin  parlamentlərində müvafiq qətnamələr qəbul olunduğunu dedi və Mərakeş Parlamentində də belə bir sənədin qəbul ediləcəyinə ümidvar olduğumuzu bildirdi.  
Mərakeş Krallığı Parlamentinin komitə sədri Ali Kəbiri hazırkı səfərə dəvətə görə Azərbaycan parlamentinin rəhbərliyinə minnətdarlığını çatdırdı. Mərakeş Krallığı Parlamenti sədrinin salamlarını yetirdi. Əməkdaşlığın genişləndirilməsi ilə bağlı Milli Məclisin I vitse-spikerinin fikirlərinə şərik olduğunu vurğuladı. Birgə komissiyanın bu ilin mayında keçiriləcək iclaslında növbəti 12 sənədin imzalanacağını və əlaqələrimizin inkişafına böyük töhfə verəcəyini qeyd etdi. Bildirdi ki, Mərakeş indiyə qədər olduğu kimi, bundan sonra da strateji məsələlərdə ölkəmizin yanında olacaq, bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyindən çıxış edəcək, Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyəcəkdir.
Söhbətdə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə toxunuldu.
Görüşdə Mərakeş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami və digər rəsmi şəxslər iştirak edirdilər.

 

 Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU