ELM VƏ TƏHSİL KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
24 fevral 2014 | 05:02   
Paylaşın:        

Fevralın  24-də Milli Məclisin Elm və təhsil komitəsinin üzvlərinin  ölkəmizdə səfərdə olan  Latviya Seyminin Azərbaycanla dostluq  qrupunun  nümayəndələri ilə  görüşü  oldu.
Qonaqları salamlayan komitə sədri Şəmsəddin Hacıyev bildirdi ki,  ölkəmizin Baltikyanı ölkələrlə, o cümlədən Latviya ilə gözəl dostluq ənənələri var. Siyasi, iqtisadi, humanitar sferalarda  münasibətlərimizin daha da gücləndirilməsi üçün hər cür potensial mövcuddur.   Sonra  komitə  sədri  Milli Məclisdə elm və təhsillə bağlı qanunvericilik bazasının inkişafından, rəhbərlik etdiyi komitənin  fəaliyyətindən,  ölkənin  təhsil  sistemində baş verən islahatlardan danışdı. Qeyd olundu ki, hər il dövlət büdcəsindən elm, təhsilə ayrılan vəsaitin həcmi  artırılır. 2020-ci ilə qədər ölkədə bu sahəyə ayrılan vəsaitin Avropa standartlarına tam uyğunlaşdırılması nəzərdə tutulur. Şəmsəddin Hacıyev qonaqlara elm, təhsil sahəsində qəbul edilən qanunlar, dövlət proqramları, “Azərbaycan təhsilinin inkişaf strategiyası” barədə ətraflı məlumat verdi, ölkə rəhbərliyinin bu sahəyə böyük diqqət ayırdığını vurğuladı.
Latviya Seyminin Azərbaycanla dostluq  qrupunun rəhbəri, “Birlik” fraksiyasının deputatı Yanis Reyers səmimi görüş  üçün təşəkkürünü  bildirdi  və ölkələrimizarası münasibətlərdə parlament diplomatiyasının rolunu vurğuladı. Bu sahədə əməkdaşlığın inkişafının çox faydalı olacağını qeyd  etdi. Qrupun  digər  üzvü  Dana Reyznietse-Ozola  Latviyada  təhsil  sisteminin uğurlu inkişafından, bu  sahədə  həyata keçirilən tədbirlərdən söhbət  açdı. Bildirildi ki, ölkələrimiz arasında elm, təhsil sahəsində qurulan əməkdaşlıq, aparılan təcrübə mübadiləsi digər sahələrdəki əlaqələrin möhkəmləndirilməsinə də yaxşı töhfələr verəcək.
Görüşdə Azərbaycan və Latviyanın üzv olduğu beynəlxalq qurumlardakı faydalı əməkdaşlıq, təhsil sahəsində nəzərdə tutulan islahatlar, tələbələrin həyat şəraitinin yaxşılaşdırılması sahəsində görülən işlər barədə  qarşılıqlı fikir  mübadiləsi  aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU