MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
24 fevral 2014 | 05:02   
Paylaşın:        

Fevralın 24-də Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Milli Məclisdə Latviya Respublikası Seyminin Azərbaycan parlamenti ilə əməkdaşlıq qrupunun rəhbəri Yanis Reyrsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirdilər.
Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rövşən Rzayev bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Avropaya inteqrasiya yolunu tutub və hazırda bu proses çox uğurla davam etdirilir. Söhbət zamanı iki ölkə arasındakı dostluq münasibətlərindən, qarşılıqlı səfərlərin əlaqələrin inkişafındakı rolundan, Azərbaycanın iqtisadi inkişafından, respublikamızın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələrdən danışıldı. Bildirildi ki, bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Azərbaycan gəncləri Avropanın ən yaxşı universitetlərində dövlət hesabına təhsil almağa göndərilirlər. 
Söhbət zamanı Rövşən Rzayev Azərbaycanın ən mühüm problemi və regionda təhlükəsizliyə, Cənubi Qafqazın iqtisadi inkişafına böyük təhdid mənbəyi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxundu, qonaqlara 22 il əvvəl erməni qəsbkarlarının törətdikləri Xocalı soyqırımı haqqında məlumat verdi.
Görüş üçün təşəkkürünü bildirən Yanis Reyrs iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafında parlamentlərarası əməkdaşlığın rolunu xüsusi qeyd etdi. Bildirdi ki, iki ölkə arasındakı münasibətlər sürətlə inkişaf edir və Latviyadakı Azərbaycan diasporu və səfirlik bu sahədə uğurla fəaliyyət göstərirlər. Latviya Seyminin üzvləri Azərbaycan səfirliyinin təşkil etdiyi tədbirlərdə tez-tez iştirak edir və Azərbaycanla daha yaxından tanış olurlar. 
Söhbət zamanı iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri, parlamentlərarası münasibətlərin inkişafı və digər mövzularda fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çingiz Əsədullayev, Sədaqət Vəliyeva, Malik Həsənov, Ceyhun Osmanlı, ölkəmizin Latviyadakı fövqəladə və səlahiyyətli səfiri Elman Zeynalov və digər rəsmi şəxslər iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU