AVROPA PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞ

XƏBƏRLƏR
12 dekabr 2011 | 04:12   
Paylaşın:        

Dekabrın 9-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti ilə görüşdü.
I vitse-spiker qonaqlara Milli Məclisin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, ölkəmizdə müstəqillik əldə olunduqdan sonra Azərbaycan parlamenti 3 mindən çox qanun qəbul edib. Bu günlərdə Milli Məclis 2012-ci ilin Dövlət büdcəsinə dair qanunu təsdiqləyib. Qanunvericilik fəaliyyəti ilə yanaşı Milli Məclis beynəlxalq əlaqələrin inkişafına da ciddi diqqət yetirir. Avropa İttifaqı ilə, yeni qurum olan Avronestlə  yaxşı əlaqələrimiz vardır.
Ziyafət Əsgərov müstəqilliyin 20 ilində Azərbaycanın sivil, demokratik, hüquqi dövlət quruculuğu yolunda əzmlə irəlilədiyini bildirdi. Ölkəmizdə fikir, söz və insan  azadlığının, insan hüquqlarının qorunmasının prioritet məsələlər olduğunu dedi. Avropa Parlamentini ölkəmizə münasibətdə hər zaman ədalətli olmağa çağırdı. Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ məsələsindən söz açan I vitse-spiker münaqişənin həllində Ermənistanın destruktiv mövqe tutduğunu bir daha nəzərə çatdırdı. Bildirdi ki, Avropa Parlamenti nəhayət 2010-cu ilin may ayında  Ermənistanın işğalçılıq siyasətini pisləyən və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etsə də, həmin sənəd indiyədək yerinə yetirilməyib. Milli Məclis Sədrinin I müavini Ermənistana təzyiqləri artırmağın vacibliyini vurğuladı.
Görüşdə Avropa Parlamentinin üzvləri Dominik Rike və Filip Bulan, Belçika parlamentinin üzvü Alen Desteks fikirlərini bölüşdülər. Qonaqlar bildirdilər ki, Azərbaycan Avropa İttifaqının marağında olan  ölkədir. Əgər xaricdə Azərbaycanın güclü diasporası olsa, ölkə daha geniş təbliğ olunar və mənafeyi nəzərə alınar. Avropa Parlamentində hər bir ölkəyə dair standart reflekslərin olduğunu deyən Dominik Rike qeyd etdi ki, çox hallarda səs verənlər həmin məsələnin mahiyyəti barədə o qədər də məlumatlı olmurlar. Nəticədə qeyri-obyektiv sənədlər meydana çıxır.
Söhbətdə Azərbaycana səfərlərin intensivləşdirilməsi vacibliyinə də toxunuldu. Bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Görüşdə deputatlar Elxan Süleymanov və Fuad Muradov iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU