MİLLİ MƏCLİSİN DEPUTATLARI KOREYADA SƏFƏRDƏ OLACAQLAR

XƏBƏRLƏR
03 aprel 2014 | 05:04   
Paylaşın:        

Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə parlament nümayəndə heyəti Koreya Respublikası Milli Assambleyasının sədr müavininin dəvəti əsasında aprelin 4-də ölkənin paytaxtı Seula  səfər edəcək.
Nümayəndə heyətinin tərkibinə deputatlar – Koreya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Malik Həsənov, qrupun üzvləri Rauf Əliyev, İmamverdi İsmayılov, Sədaqət Vəliyeva, Rüstəm Xəlilov daxildirlər.
Səfər çərçivəsində millət vəkilləri Koreya parlamentinin fəaliyyəti, deputatların iş şəraiti ilə yaxından tanış olacaqlar. Nümayəndə heyətinin üzvləri Koreya Milli Assambleyasının spikeri Kanq Çanq-hi, vitse-spiker Park Byonq-sok, parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşəcək, ikitərəfli əlaqələrin möhkəmləndirilməsi, qanunvericilik sahəsində təcrübə və informasiya mübadiləsi, qarşılıqlı səfərlərin intensivləşdirilməsi məsələləri ilə bağlı müzakirələr aparacaqlar. 
Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərovun başçılığı ilə  millət vəkillərinin ölkənin Baş naziri, xarici işlər naziri ilə görüşləri də  nəzərdə tutulub.
Səfər zamanı deputatlarımız habelə Koreyanın informasiya texnologiyaları sahəsində qabaqcıl şirkəti olan “SK Telekom”, “Samsung Elektronics” mərkəzi, İnçon Texnoparkına baxış keçirəcək, Kyonqbokqunq sarayı, Seulun digər görməli yerləri ilə tanış olacaqlar.
Səfər aprelin 10-da başa çatacaq.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU