AVROPA ŞURASI PARLAMENT ASSAMBLEYASININ YAZ SESSİYASINDA

XƏBƏRLƏR
04 aprel 2014 | 03:04   
Paylaşın:        

Aprelin 7-dən 11-dək Strasburqda Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası keçiriləcəkdir. Sessiyada Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, təşkilatda daimi nümayəndə heyətimizin rəhbəri Səməd Seyidovun başçılıq etdiyi deputat qrupu iştirak edəcəkdir.
Nümayəndə heyətinin tərkibinə deputatlardan Elxan Süleymanov, Rafael Hüseynov, Rövşən Rzayev, Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Sahibə Qafarova, Fəzail İbrahimli, Sabir Hacıyev, Aydın Abbasov və Fazil Mustafa daxildirlər.
Sessiyada Rusiyanın təsdiqlənmiş mandatlarına əsaslı zəmində yenidən baxılması, Ukraynadakı son hadisələrin demokratiyaya təsiri, Avropada milli azlıqların vəziyyəti, işsizlik problemi, kiberməkanda istifadəçilərin təhlükəsizliyinin qorunması, internetə çıxış hüququ, Qırğızıstan Respublikasının demokratiya üzrə tərəfdaşlıq üçün AŞPA-ya müraciətinə baxılması və digər mövzularda fikir mübadiləsi aparılacaqdır.
Tədbirdə deputatlar Sevinc Fətəliyeva və Rafael Hüseynov məruzələrlə çıxış edəcək, nümayəndə heyətinin üzvləri isə gündəlikdəki məsələlərə münasibət bildirəcəklər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU