MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

XƏBƏRLƏR
15 aprel 2014 | 05:04   
Paylaşın:        

Aprelin 15-də ölkəmizdə səfərdə olan Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin üzvləri  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşdülər.
Parlamentdə qonaqları salamlayan komitə sədri Səməd Seyidov bildirdi ki, Azərbaycan və Çexiya arasındakı münasibətlər qarşılıqlı etibar əsasında qurulub və hər iki ölkə eyni dəyərləri bölüşür. Söhbət zamanı parlamentlərarası əməkdaşlığın inkişafı, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər müzakirə obyekti oldu.
Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin sədri, Çexiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Miroslav Kreyça Çexiyanın və Azərbaycanın oxşar tarixə malik ölkələr olduqlarını diqqətə çatdırdı. Qonaqlar Çexiya-Azərbaycan tərəfdaşlığını yüksək qiymətləndirdiklərini və qarşıda görüləsi bir çox mühüm işlərin dayandığını qeyd etdilər.
Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.  

*     *     *

Həmin gün Milli Məclisin Çexiya ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin Çexiya Respublikası Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin nümayəndə heyəti ilə görüşü keçirildi.
Milli Məclisin deputatı, Çexiya ilə  parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Sahibə Qafarova qonaqları salamlayaraq ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini söylədi. Qeyd edildi ki, dövlətimiz müstəqillik əldə etdikdən sonra əməkdaşlığımızın yeni mərhələsi başladı. İkitərəfli münasibətlərin möhkəmləndirilməsində deputatların qarşılıqlı səfərləri və keçirilən görüşlər böyük əhəmiyyət kəsb edir. Biz əlaqələrin bütün istiqamətlərdə, o cümlədən iqtisadi, mədəni, elm və təhsil sahələrində genişləndirilməsində maraqlıyıq.
Çexiya Parlamenti Senatının Avropa İttifaqı məsələləri Komitəsinin sədri, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvü Miroslav Kreyça səmimi söhbətə görə minnətdarlığını ifadə etdi. Qonaq əlaqələrin bir çox sahələrdə intensiv inkişaf etdirilməsinin vacibliyini vurğuladı. Bunun üçün yaxşı perspektivlərin olduğunu söylədi. Qeyd edildi ki, ölkələrimiz arasında əlaqələrin inkişafında parlamentlərarası münasibətlərin əhəmiyyəti böyükdür. Bu baxımdan parlament dostluq qruplarının üzərinə böyük  vəzifələr düşür.
Söhbətdə qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.
Görüşdə millət vəkilləri Musa Quliyev, Ülvi Quliyev, Malik Həsənov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU