MİLLİ MƏCLİSİN İCLASINDA

XƏBƏRLƏR
21 aprel 2014 | 10:04   
Paylaşın:        

Aprelin 18-də Milli Məclisin növbəti plenar iclası keçirildi. Parlament Sədrinin birinci müavini Ziyafət Əsgərov iclası açıq elan etdikdən sonra deputatlar cari məsələlərlə bağlı fikirlərini bildirdilər.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Əvvəlcə Azərbaycan Respublikası Hesablama Palatasının illik hesabatı dinlənildi. Hesabatı Palatanın sədri Vüqar Gülməmmədov təqdim etdi. Natiq bildirdi ki, hesabat ilində dünyada iqtisadi artım tempinin zəif  olmasına və yüksək risklərin qalmasına baxmayaraq Azərbaycan  iqtisadiyyatı öz dinamik inkişafını qoruya bilmişdir. Ölkədə əksər iqtisadi göstəricilər  üzrə  yüksək səviyyəyə  nail olunmuş, böyük həcmli infrastruktur  və  iqtisadiyyatın  şaxələndirilməsi  üzrə bir çox  sosial  proqramlar uğurla həyata  keçirilmişdir. Hesabatda dövlət  büdcəsi üzrə  xərclərin  tərkibində sosial yönümlü  xərclərin artması və elmin, idmanın, gənclər  siyasətinin  inkişafı  istiqamətində xərclərdə əhəmiyyətli  artım müşahidə olunur.
Bildirildi ki, əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də Hesablama Palatası tərəfindən nəzərdə tutulan bütün nəzarət tədbirləri həyata keçirilmişdir. Palata tərəfindən 2013-cü ildə 75 audit tədbirinin həyata keçirilməsi təmin olunmuşdur. Son illərdə Palata nəzarət tədbirlərinin keçirilməsində maliyyə-büdcə nəzarətinə daha çox üstünlük vermişdir. Hesabat ilində Palata tərəfindən nəzarət tədbirinin predmetinə uyğun olaraq yoxlanılan qurumlara, onların tabe olduqları nazirlik, komitə və baş idarələrə, habelə digər əlaqədar orqanlara 132 təqdimat göndərilmişdir. Həyata keçirilmiş 3 nəzarət tədbirinin nəticələri müvafiq qaydada Azərbaycan Respublikasının Baş Prokurorluğuna təqdim edilmişdir.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov daha sonra Palatanın 2013-cü ildə fəaliyyəti, həyata keçirilən tədbirlər, aşkar edilən nöqsanlar barədə ətraflı məlumat verdi.
Müzakirələr zamanı deputatlardan Zahid Oruc, Elmira Axundova, Vahid Əhmədov, Əli Məsimli, Fərəc Quliyev, Qənirə Paşayeva hesabatla bağlı fikirlərini bildirdilər. Yekunda səsvermə keçirildi və hesabat nəzərə alındı.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Yol hərəkəti haqqında”qanunda dəyişiklik edilməsi haqqında sənədi müzakirəyə təqdim etdi. Qanun layihəsi səsə qoyularaq təsdiqləndi.
  Sonra Əli Hüseynli Cinayət-Prosessual və İnzibati Xətalar Məcəllələrində, “Yol hərəkəti haqqında” və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” sənədlərdə dəyişikliklər edilməsi haqqında qanun layihələri ilə bağlı məlumat verdi. Müzakirələr zamanı qanunvericiliyə təklif olunan dəyişiklikləri müsbət dəyərləndirən millət  vəkilləri Qüdrət Həsənquliyev, Fazil Mustafa və Çingiz Qənizadə bəzi təkliflərini də diqqətə çatdırdılar. Qanun layihələri səsə  qoyularaq təsdiq olundu.
Qeyd olundu ki, “Yol hərəkəti haqqında” qanuna edilən dəyişikliyə əsasən nəqliyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər. Həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər.
İclasda son olaraq “Dəniz limanları haqqında” qanun layihəsi  müzakirə olundu. Bildirildi ki, sənəd qüvvəyə mindikdən sonra ölkəmizin dəniz limanlarında ticarət gəmiçiliyi sahəsində yaranan münasibətləri tənzimləyəcək. Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, qanun layihəsinin birinci oxunuş müzakirəsi zamanı deputatların təklifləri, qaldırdıqları məsələlər dəyərləndirilib və onların əksəriyyəti nəzərə alınıb. Qanun layihəsi həmçinin dil üslubu baxımından təkmilləşdirilib.
Qanun layihəsi deputatların təşəbbüsü ilə ikinci və üçüncü oxunuşda səsə  qoyularaq qəbul edildi.
Bununla  da Milli Məclis bugünkü  işini başa çatdırdı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU