PARLAMENTDƏ “DAYAQ” MENTORLUQ PROQRAMI ÇƏRÇİVƏSİNDƏ DƏYİRMİ MASA

XƏBƏRLƏR
22 aprel 2014 | 11:04   
Paylaşın:        

Aprelin 21-də Milli Məclisdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının (GİZ) birgə tədbiri keçirildi. Yerli özünüidarəetmədə fəal qadınların şəbəkəsi olan “Dayaq” Mentorluq proqramı çərçivəsində təşkil edilmiş dəyirmi masada Milli Məclisin qadın deputatları, rayon icra hakimiyyətlərinin rəhbərliklərində və bələdiyyələrdə təmsil olunan qadınlar, həmçinin KİV nümayəndələri iştirak edirdilər.
Dəyirmi masanın açılışında parlamentin rəhbərliyi adından tədbir iştirakçılarını salamlayan Milli Məclis Sədrinin müavini Bahar Muradova onlara uğurlar arzuladı. Bildirdi ki, Azərbaycan qadınlarının inkişafına ölkə parlamenti və onun rəhbərliyi də dəstək verir. Azərbaycanın siyasi həyatında və dövlət idarəçiliyində kişilərin böyük təcrübəyə və biliyə malik olduğunu xüsusi vurğulayaraq qeyd etdi ki, məhz onların göstərdiyi qayğı və diqqət qadınları daha məsuliyyətli olmağa vadar edir. Vitse-spiker qadınları passiv müşahidəçilikdən uzaqlaşıb prosesin fəal iştirakçısı olmağa səslədi. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təcrübəsinin bütün dünyada öyrənildiyini, humanizm, qayğıkeşlik, insanpərvərlik timsalı kimi onun fəaliyyətinin  dünyanı gözəlləşdirməyə  xidmət etdiyini xüsusi vurğuladı.
Bahar Muradova onu da nəzərə çatdırdı ki, Azərbaycan parlamenti təkliflərə açıqdır, qadınların inkişafı və idarəçilikdə yaxından iştirakı ilə bağlı əgər qanunvericilikdə dəyişiklik etmək lazım olacaqsa, ediləcək. 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova layihəyə verilən dəstəyə görə Milli Məclisin rəhbərliyinə təşəkkürünü bildirdi. Yerli özünüidarəetmədə qadın liderliyinin gücləndirilməsi məqsədilə mentorlar qismində xanım deputatlarla bugünkü görüşün faydalı olacağını vurğuladı. Ölkəmizdə yürüdülən dövlət qadın siyasətindən bəhs etdi. Seçkili orqanlarda və idarəetmə sistemində qadınların sayının ildən-ilə artdığını, hazırda parlamentdə 16 faiz, bələdiyyələrdə isə 26,7 faiz təşkil etdiyini, son bələdiyyə seçkilərində 4 min 194 qadının bələdiyyə üzvü seçildiyini dedi. Bildirdi ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə son vaxtlar rayon icra hakimiyyətlərinin rəhbərliklərində qadınların təmsil olunmasına ciddi diqqət yetirilir.
Dəyirmi masada örnək qadınlar sırasında Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı Mehriban Əliyeva başda olmaqla bir çox ictimai-siyasi xadimlərimizin ölkə və beynəlxalq miqyaslı xidmətləri qeyd edildi.
Sonra Cənubi Qafqazda Yerli Özünüidarəetmə Proqramının Azərbaycan üzrə qrup rəhbəri Katarina Lampe GİZ və Cənubi Qafqazda “Dayaq” Mentorluq proqramı haqqında ümumi məlumat verdi. Mövzuya həsr edilmiş slayd nümayiş olundu.
Dəyirmi masanın moderatoru, GİZ–Mentorluq Proqramının yerli koordinatoru və “Qadınlar Bələdiyyələrin İnkişafı Uğrunda” İB-in sədri Lyudmila Xəlilovanın layihə ilə əlaqədar həyata keçirilmiş tədbirlər və görüləcək işlər barədə məlumatı dinlənildi.
“Dayaq” Mentorluq proqramına dəstək verən deputatlardan Məlahət İbrahimqızı və Sevinc Hüseynova təcrübələrini və fikirlərini bölüşdülər.
Dəyirmi masada Səbail, Suraxanı və Binəqədi RİH-də İctimai-siyasi və humanitar məsələlər üzrə müavin postlarında çalışanların   çıxışları dinlənildi. Ətraflı fikir mübadiləsindən sonra tədbirə yekun vuruldu.
Dəyirmi masa iştirakçıları parlamentdə xatirə şəkli çəkdirdilər.


                                                                                         Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU