Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici Əlaqələr Komitələri arasında Əməkdaşlığa dair Protokol imzalandı

XƏBƏRLƏR
22 aprel 2014 | 05:04   
Paylaşın:        

Aprelin 22-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici Əlaqələr Komitələrinin nümayəndə heyətləri arasında üçtərəfli görüş keçirildi.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri Səməd Seyidov qonaqları salamlayaraq ilk dəfə olaraq belə formatda görüşün keçirilməsini yüksək qiymətləndirdi. Bildirdi ki, regionda sabitliyin qorunub saxlanılması üçün Azərbaycan, Türkiyə və Gürcüstanın bir yerdə olması çox vacibdir. Bunun üçün parlament diplomatiyası daha səmərəli ola bilər və bu ölkələrin xalqlarına daha çox fayda gətirə bilər.
Söhbət zamanı belə görüşlərin mütəmadi keçirilməsinin vacibliyi vurğulandı və bildirildi ki, bu görüşlərdə hər üç xalqın ümumi gələcəyi müzakirə mövzusu olacaqdır. Görüşlər zamanı əməkdaşlığın yeni elementləri müəyyən olunacaq, dondurulmuş münaqişələr, regional strategiya, sabitlik, təhlükəsizlik, ölkələrin ərazi bütövlüyü, iqtisadi böhranlara qarşı birlikdə davam gətirmə və digər mövzularda müzakirələr aparılacaqdır.
Sonra çıxış edən Türkiyə Böyük Millət Məclisinin Xarici işlər Komitəsinin sədri Volkan Bozkır və Gürcüstan Parlamentinin Xarici əlaqələr Komitəsinin sədri Tedo Caparidze Azərbaycanın regiondakı rolunu yüksək qiymətləndirdilər və belə bir görüşün keçirilməsi təşəbbüsünü irəli sürdüyünə görə Azərbaycan tərəfinə təşəkkür etdilər. Söhbət zamanı növbəti görüşün Gürcüstanda keçirilməsi qərara alındı.
Üçtərəfli görüşün sonunda  Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici Əlaqələr Komitələri arasında Əməkdaşlığa dair Protokol imzalandı.
Görüşdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Qənirə Paşayeva, Rasim Musabəyov, Asim Mollazadə, Cavanşir Feyziyev və Azər Kərimli iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU