SOSİAL SİYASƏT KOMİTƏSİNİN İCLASINDA

XƏBƏRLƏR
01 may 2014 | 10:05   
Paylaşın:        

Aprelin 30-da Milli Məclisin Sosial siyasət komitəsinin növbəti iclası keçirildi. İclası açan komitə  sədri  Hadi Rəcəbli  gündəlikdəki məsələlərlə  deputatları tanış etdi.
Əvvəlcə deputatlar “Reproduktiv sağlamlığın qorunması haqqında”  qanun layihəsini müzakirə etdilər. Hadi Rəcəbli sənədin  bir  neçə dəfə işçi qrupun, Səhiyyə Nazirliyi əməkdaşlarının, dövlət və hökumət nümayəndələrinin, ictimai birliklərin, qeyri-hökumət təşkilatlarının və mütəxəssislərin iştirakı ilə geniş müzakirəsinin keçirildiyini bildirdi. Qeyd olundu ki, həmin tədbirlərdə  səsləndirilən bütün təkliflər işçi qrupu tərəfindən diqqətlə araşdırılıb, vacib detallar nəzərə  alınıb. 
Milli Məclis  Aparatının  Sosial  qanunvericilik  şöbəsinin müdiri Adilə Abasova  bildirdi ki, qanun layihəsi  getdikcə  təkmilləşir. Sənədə bir  neçə  yeni maddələr  əlavə edilib və işçi qrupu  tərəfindən  bu sahədəki dünya  təcrübəsi  dərindən öyrənilib.
Komitə üzvləri Əhliman Əmiraslanov, Yaqub Mahmudov, Məlahət  İbrahimqızı çıxışlarında bildirdilər ki, dövlətin ailə siyasətini özündə əks etdirən bu qanun layihəsi tam olaraq  ailənin,  ana  və uşaq  sağlamlığının  qorunmasına, ölkədə hələ də təsadüf olunan ana ölümünün  qarşısının alınmasına  xidmət  edəcək. Qanun layihəsi reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması üzrə xidmətlərin əldə olunması sahəsində hüquqi əsasları tənzimləyəcək.  Qeyd olundu ki, burada qadınlar arasında  son vaxtlar  geniş yayılan döş vəzi xərçənginin profilaktikasına, ekstrakorporal mayalanmalar zamanı donor mənşəyinə nəzarətin artırılması ilə bağlı məqamlara xüsusi diqqət yetirilməlidir. Ətraflı müzakirələrdən sonra qanun layihəsi ümumilikdə bəyənildi, bəzi təkliflər nəzərə  alınması üçün komitədə yenidən müzakirəyə çıxarılması  irəli sürüldü.
Sonra komitə üzvləri “Uşaqların istirahətinin təşkili haqqında” qanun  layihəsini  müzakirə  etdilər.  Sənəd  barədə məlumat verən Hadi Rəcəbli vurğuladı ki,  dövlətimiz uşaqların  istirahəti  və asudə  vaxtlarının  səmərəli  təşkilinə  xüsusi  diqqət  ayırır.  Sözügedən sənəd bu baxımdan böyük əhəmiyyət kəsb edir. Qeyd  olundu ki, sənədin hazırlanmasına Heydər  Əliyev Fondu  böyük dəstək göstərib.  Komitə üzvləri Musa Quliyev, Sevinc Hüseynova, Rauf Əliyev, İlham Məmmədov sənədlə bağlı təkliflərini bildirdilər. Qanun layihəsi bəzi  məqamların nəzərə alınması  üçün yenidən işçi qrupa  qaytarıldı.
Sonra komitədə Heydər Əliyev Mərkəzi  tərəfindən  hazırlanan “Heydər Əliyev Azərbaycanın sosial müdafiə  strategiyasının banisidir”  adlı kitabın konseptual  dinləməsi  keçirildi. Komitə üzvləri kitabla  bağlı  fikirlərini bildirdilər, əsərə müsbət  rəy  verildi.


Milli  Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU