AZƏRBAYCAN – İSRAİL ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
01 may 2014 | 04:05   
Paylaşın:        

Mayın 1-də Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov və parlamentin Beynəlxalq  münasibətlər  və  parlamentlərarası  əlaqələr komitəsinin üzvləri ölkəmizdə  səfərdə olan İsrailin xarici işlər naziri Aviqdor Libermanın başçılıq  etdiyi  nümayəndə heyəti ilə görüşdülər.
Valeh Ələsgərov İsrailin xarici işlər nazirini Azərbaycan parlamentində salamlamaqdan məmnun olduğunu bildirdi. O, belə səfərlərin və qarşılıqlı görüşlərin ölkələrimiz arasındakı əməkdaşlığa yeni töhfələr verəcəyinə əminliyini ifadə etdi. Qeyd olundu ki,  hazırda bütün sahələrdə Azərbaycan-İsrail əlaqələri yüksək inkişaf edir. Sevindirici haldır ki, son illərdə informasiya kommunikasiya texnologiyaları, elm, səhiyyə və innovativ sahələrdə əməkdaşlığımız daha da genişlənməkdədir. Vitse-spikerin  sözlərinə görə, İsrail dünyada ən çox patent alan 10 inkişaf etmiş ölkədən biridir. Bu isə dost ölkədə elmin, texnologiyanın, təhsilin yüksək səviyyədə inkişafının göstəricisidir. Azərbaycan İsraillə bu əlaqələrin  inkişafında  maraqlıdır.
İsrailin xarici işlər naziri Aviqdor Liberman Azərbaycan parlamentində üçüncü dəfə olduğunu və hər səfərində xüsusi zövq aldığını dilə gətirdi. Ölkələrimiz arasında bütün sahələr üzrə yüksək əməkdaşlıq və səmimi dostluq münasibətlərinin mövcudluğu vurğulandı. İsrailli diplomat bu əlaqələrin inkişafında ölkə başçılarının rolunu  xüsusi  qeyd  edərək dedi: “Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev İsrailə xüsusi dostluq münasibəti  sərgiləyirdi.  Prezident İlham Əliyev də bu dostluq münasibətlərini yüksək səviyyədə davam etdirmək əzmindədir. Xalqlarımız arasındakı əlaqələrin inkişaf etdirilməsi İsrail hökuməti üçün prioritet məsələlərdəndir. Sevindirici haldır ki, İsraildə çox güclü Azərbaycan diasporu var, eyni zamanda, Azərbaycanda yəhudi icması fəaliyyət göstərir. Əminəm ki, qarşılıqlı səfərlərimiz əlaqələrimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcək.”
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU