YALAN AYAQ TUTAR, YERİMƏZ

XƏBƏRLƏR
02 may 2014 | 07:05   
Paylaşın:        

Bu günlərdə “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi - “Şəffaflıq Azərbaycan Korrupsiyaya Qarşı Mübarizə” İctimai Birliyi ölkəmiz, o cümlədən Milli Məclis haqqında həqiqətə uyğun olmayan qərəzli hesabat yaymışdır. Şər və böhtan dolu bu sənəd geniş ictimaiyyətin, o cümlədən parlamentin mayın 2-də keçirilən iclasında deputatların narazılığına və tənqidinə səbəb olmuşdur. Ara-sıra bəzi KİV-lərdə ölkənin siyasi sistemi və parlamenti haqqında gedən  qərəzli məlumatları toplayıb hesabat adı ilə cəmiyyətə təqdim edən bu qüvvələrin fəaliyyəti millət vəkillərində haqlı suallar doğurmuşdur.
Bundan narahat olan “Transparency İnternational” təşkilatının Azərbaycan üzrə bölməsi sağlam tənqidi qəbul etmək əvəzinə növbəti böhtan xarakterli bəyanatla çıxış etmişdir. Onların iddiasına görə yuxarıda adı çəkilən hesabatın hazırlandığı dövrdə parlament rəhbərliyinə göndərilən sorğuya guya cavab verilməmişdir. Əslində isə qurumun Milli Məclisə ünvanladığı 2013-cü il 2 sentyabr tarixli 02/09/B-Tİ-Az-03 saylı sorğusuna həmin il sentyabrın 18-də geniş və ətraflı cavab verilmiş, bununla bağlı cavab məktubu onların  info@transparency.az e-mail ünvanına göndərilmişdir.
Göründüyü kimi, özünü şəffaf hesab edən bu qurum əslində şəffaflıqdan uzaq “nə qədər bacarırsan yalan danış” prinsipi ilə fəaliyyət göstərir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU