MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
07 may 2014 | 06:05   
Paylaşın:        

Mayın 7-də Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə Komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan  İtaliya Senatının Müdafiə Komissiyasının sədri Nikola Latorrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan İtaliya ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir. 1997-ci ildən bəri Azərbaycan Prezidentlərinin İtaliyaya 4 dəfə səfər etməsi, 2011-ci ildə isə Milli Məclisin Sədri Oqtay Əsədovun bu ölkəyə səfəri ölkələrimiz arasındakı yaxın münasibətlərin əyani təzahürüdür. Azərbaycan və İtaliya beynəlxalq təşkilatlarda da bir sıra məsələlərin həllində eyni mövqedən çıxış edir və biz əminik ki, qarşılıqlı münasibətlərimiz bundan sonra da yüksələn xətlə inkişaf edəcək. 
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən Ziyafət Əsgərov bildirdi ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi qətnamələrə  məhəl qoymur. Münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olsa da, bunun heç bir nəticəsi yoxdur.
Qonağın diqqətinə çatdırıldı ki, bu gün Azərbaycanda tolerantlıq hökm sürür və ölkəmizdə bir çox dini konfessiyalar fəaliyyət göstərir.
Səmimi və açıq danışdığına görə Ziyafət Əsgərova təşəkkürünü bildirən Nikola Latorre qarşılıqlı münasibətlərin və səfərlərin daha da sıxlaşdırılmasının vacibliyini vurğuladı. Qeyd etdi ki, Azərbaycanın beynəlxalq təşkilatlardakı mövqeyi İtaliya üçün çox önəmlidir. Qonaq Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin daha məqsədəuyğun olduğunu qeyd etdi.
Söhbət zamanı mövcud beynəlxalq vəziyyət, Ukraynada baş verən hadisələr və digər mövzularda fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU