Nikola LATORRE: “BİZ YENİ DÜNYA QURURUQ. ÇALIŞMALIYIQ Kİ, QANUNUN ALİLİYİ GÜCÜN ALİLİYİNİ ÜSTƏLƏSİN.”

XƏBƏRLƏR
07 may 2014 | 06:05   
Paylaşın:        

Mayın 7-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ölkəmizdə səfərdə olan İtaliya Senatının Müdafiə komissiyasının sədri, Demokrat Partiyasının üzvü Nikola Latorre ilə görüşdü.
Səməd Seyidov ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etməsi üçün çox iş görüldüyünü vurğuladı. Bildirdi ki, əlaqələrimizin çoxşaxəli səciyyə daşıması sevindirici haldır. Bir sıra beynəlxalq məsələlərə münasibətdə Azərbaycanla İtaliya BMT səviyyəsində, həmçinin Avropa Şurasında eyni mövqe sərgiləyir. Ölkəmizin geosiyasi mövqeyi, Dağlıq Qarabağ münaqişəsi barədə danışan komitə sədri dedi ki, Azərbaycan regionda hadisələri gərginləşdirməyi deyil, dinc yolla həll etməyi istəyir. O, Avropa ölkələri ilə əməkdaşlıq və tərəfdaşlıq məsələlərinə də toxundu. Milli Məclisin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətini xüsusi nəzərə çatdırdı.
Görüşdə İtaliya Senatının Müdafiə komissiyasının sədri Nikola Latorre İtaliya və Azərbaycan prezidentlərinin bu yaya nəzərdə tutulmuş görüşünün çox səmərəli olacağına, həmin görüşün hökumət nümayəndələri arasında daha sıx münasibətlər qurulmasına təkan verəcəyinə əminliyini bildirdi. Qonaq dedi ki, İtaliya ilə Azərbaycan arasındakı mövcud dostluq modeli yeni Avropanın qurulmasına kömək edəcək. Dağlıq Qarabağ məsələsinə gəlincə, biz yeni dünya qururuqsa çalışmalıyıq ki, qanunun aliliyi gücün aliliyini üstələsin. 


Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU