MİLLİ MƏCLİSDƏ GÖRÜŞLƏR

XƏBƏRLƏR
15 may 2014 | 05:05   
Paylaşın:        

Milli Məclis Sədrinin müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasında daimi nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT PA-nın sabiq sədri, İtaliya parlamentini bu qurumda təmsil etmiş Rikkardo Milyori  ilə görüşüb.
Bahar Muradova qonağı salamlayaraq bildirdi ki, rəsmi Bakının İtaliya ilə əlaqələri yüksək səviyyədədir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir çox məsələlərdə eyni mövqedən çıxış edir, bu da ikitərəfli münasibətlərin inkişafına öz təsirini göstərir.
Bahar Muradova Rikkardo Milyorinin ATƏT PA-ya sədrlik etdiyi illəri bu qurumun inkişafında əhəmiyyətli dövr kimi səciyyələndirdi.  Sədr müavini qonağın həmin dövrdə bütün əhəmiyyətli beynəlxalq hadisələrə operativ münasibət bildirməsini, Dağlıq Qarabağ münaqişəsi ilə yaxından maraqlanmasını və Azərbaycana qarşı həmişə obyektiv mövqedə olmasını yüksək qiymətləndirdi. Diqqətə çatdırdı ki, onun timsalında Azərbaycanın İtaliyada böyük bir dostu vardır.
Parlament diplomatiyasının əhəmiyyətindən danışan Bahar Muradova bildirdi ki, ATƏT-in məşğul olduğu regional münaqişələrin həllində səylər gücləndirilməli, konkret nəticələrə nail olunmalıdır. 
Görüş üçün təşəkkürünü bildirən Rikkardo Milyori Azərbaycana səfərindən məmnunluğunu ifadə etdi. Azərbaycanın sürətli inkişafından danışan qonaq Avropanın enerji təhlükəsizliyində ölkəmizin gündən-günə artan rolunu xüsusi qeyd etdi. Bildirdi ki, ATƏT ötən 20 ildə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir əhəmiyyətli irəliləyişə nail olmayıb və bizi ən çox narahat edən məsələ insanların öz doğma yurd-yuvalarından didərgin düşməsidir. Çünki bu, birbaşa insan hüquqlarının pozulmasına aid məsələdir.
ATƏT PA-nın sabiq sədri Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunması üçün bundan sonra da əlindən gələni edəcəyini diqqətə çatdırdı.
 Söhbət zamanı Ukraynada baş verən hadisələr, ATƏT-in Azərbaycanda keçiriləcək növbəti sessiyası və digər mövzularda fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin deputatı, parlamentin ATƏT PA-dakı nümayəndə heyətinin üzvü Azay Quliyev, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Çingiz Əsədullayev və digər rəsmi şəxslər iştirak edirdilər.
Sonra Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, həmçinin Azərbaycan-İtaliya parlamentlərarası işçi qrupunun üzvləri ATƏT PA-nın sabiq sədri Rikkardo Milyori ilə görüşdülər. Görüşlərdə parlamentlərarası əlaqələrin inkişafı və tərəfləri maraqlandıran digər məsələlər müzakirə olundu.


Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU