MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
19 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 19-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədr müavini Sevinc Fətəliyeva ölkəmizdə səfərdə olan Əfqanıstan İslam Respublikası Milli Məclisinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri Nisar Ahmad Haresin başçılıq etdiyi parlament nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Sevinc Fətəliyeva ölkələrimiz arasındakı əlaqələrin inkişafında parlamentlərin rolunu qeyd edərək  qarşılıqlı səfərlərin əhəmiyyətindən danışdı. Bildirdi ki, Milli Məclisdə dünyanın bir sıra ölkələrinin parlamentləri ilə, həmçinin Əfqanıstanla parlamentlərarası əlaqələr üzrə işçi qrup fəaliyyət göstərir. Qeyd olundu ki, Azərbaycanda hazırda stabil iqtisadi inkişaf gedir və ölkəmiz Avropanın enerji təhlükəsizliyinin qorunmasında mühüm rol oynayır. Azərbaycan bir sıra ölkələrə investisiyalar yatırır və diplomatik münasibətlərini gündən-günə genişləndirir.
Görüş üçün minnətdarlığını bildirən Nisar Ahmad Hares Əfqanıstanın Azərbaycanla əməkdaşlığa xüsusi diqqət göstərdiyini qeyd etdi. Ölkəsi haqqında geniş məlumat verən qonaq Əfqanıstanın terrorizmdən əziyyət çəkən ölkə olduğunu və bu sahədə əlaqələri koordinasiya etməyə çalışdıqlarını nəzərə çatdırdı. Bildirildi ki, hər iki ölkə bir sıra beynəlxalq və regional təşkilatların üzvüdürlər və bu qurumlarda eyni mövqedən çıxış etmək çox faydalıdır.
Sonra görüşdə Dağlıq Qarabağ münaqişəsi, ermənilərin Azərbaycana qarşı həyata keçirdikləri terror aktları, parlamentlərarası əlaqələrin gücləndirilməsi və tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU