AZƏRBAYCAN - ƏFQANISTAN DOSTLUQ TELLƏRİ MÖHKƏMLƏNİR

XƏBƏRLƏR
19 may 2014 | 06:05   
Paylaşın:        

Mayın 19-da Milli Məclisin Azərbaycan - Əfqanıstan  parlamentlərarası əlaqələr üzrə işçi qrupu üzvlərinin ölkəmizdə səfərdə olan Əfqanıstan parlament nümayəndə heyəti  ilə görüşü oldu. 
Qonaqları  salamlayan  Milli Məclisin deputatı, qrupun rəhbəri Mahir  Aslanov xalqlarımızın oxşar  talelər  yaşadığını bildirərək, əlverişli  coğrafi mövqeyə malik ölkələrimizin  zaman-zaman  yadellilərin  işğalına məruz  qaldığını qeyd  etdi.  Sonra qrupun rəhbəri  ikinci  dəfə  öz  müstəqilliyini qazandıqdan sonrakı  dövrdə Azərbaycanın  uğurlarından, ölkədə  gedən sürətli inkişafdan,  ölkəmizin  təşəbbüskarı və iştirakçısı olduğu qlobal layihələrdən  danışdı. Sonra Mahir Aslanov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumu barədə də qonaqlara ətraflı məlumat verdi. Qeyd  olundu ki, bu münaqişədə minlərlə insan şəhid olub, ölkədə bir  milyondan  artıq  qaçqın və məcburi  köçkün  var. Amma bütün bunlara baxmayaraq Azərbaycan dövləti problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq  həllinə tərəfdardır. Çünki, münaqişə nəinki, Azərbaycanın, bütövlükdə  regionun  təhlükəsizliyini təhdid  edir.
Əfqanıstan parlamentinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr  komissiyasının başçısı, nümayəndə heyətinin rəhbəri Nisar Ahmad Haress  səmimi görüş və ətraflı məlumat üçün minnətdarlığını bildirdi. Söhbətdə xalqlarımız arasındakı  münasibətləri yüksək dəyərləndirən Nisar Ahmad Haress iqtisadi əlaqələrin daha da gücləndirilməsinin, terrorizmə qarşı mübarizə sahəsində birgə əməkdaşlığın möhkəmləndirilməsinin, parlamentarilər arasında qarşılıqlı səfərlərin intensiv hal almasının zəruriliyini  qeyd  etdi.  
Görüşdə qarşılıqlı maraq  doğuran bir  sıra  məsələlər barədə fikir mübadiləsi  aparıldı.

 

Milli Məclisin

Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU