AŞPA HƏMMƏRUZƏÇİLƏRİNİN DEPUTATLARLA GÖRÜŞÜNDƏ

XƏBƏRLƏR
20 may 2014 | 04:05   
Paylaşın:        

Mayın 20-də Milli Məclisdə təmsil olunan siyasi partiya nümayəndələrinin ölkəmizdə səfərdə olan Avropa Şurası Parlament Assambleyasının  Üzv  dövlətlər  tərəfindən öhdəliklərin yerinə yetirilməsi  üzrə komitəsinin  (Monitorinq komitəsi) həmməruzəçiləri  Pedro Aqramunt  və Cozef Debano Qrexlə görüşü oldu.
Qonaqları salamlayan deputat, YAP-ın icra katibinin müavini Mübariz Qurbanlı bildirdi ki, Milli Məclisin  tərkibi Azərbaycanın siyası palitrasını özündə tam şəkildə əks etdirir. Parlamentdə 10-a yaxın siyasi partiya təmsil olunur. O, qonağa parlamentin qanun yaradıcılığı prosesi, ölkədə insan hüquqlarının təminatı, digər ölkə və parlamentlərlə qarşılıqlı əməkdaşlığı barədə məlumat verdi. Azərbaycanın  Avropa Şurası qarşısında götürdüyü  öhdəlikləri layiqincə yerinə  yetirməsindən,  qurumla əlaqələrin daha  da inkişaf  etməsinə tərəfdar  olduğumuzdan söz  açdı.
Görüşdə çıxış edən Demokratik İslahatlar  Partiyasının  sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Ədalət  Partiyasının sədri İlyas İsmayılov, Sosial Rifah Partiyasının sədri  Xanhüseyn Kazımlı, Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimli, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Ümid  Partiyasının  sədri İqbal Ağazadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev çıxışlarında onları  düşündürən məsələlərdən və ölkənin ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemindən  söhbət  açdılar. Qeyd  olundu ki, 20 ildən artıqdır ki, davam edən münaqişə bütün regionun təhlükəsizliyini ciddi  təhdid altında saxlayır.  Görüşdə bildirildi ki, Azərbaycanın Venesiya Komissiyası və Avropa Şurasının digər təsisatları ilə  qarşılıqlı əməkdaşlığı yüksək səviyyədədir. Parlamentdə qanun layihələri hazırlanarkən bu qurumlardan gələn bütün təkliflərə həssaslıqla  yanaşılır.
Pedro Aqramunt səmimi görüşə görə  minnətdarlığını ifadə etdi. O, Azərbaycanda müşahidə olunan dinamik inkişafı yüksək qiymətləndirdi. Dağlıq Qarabağ probleminin həllinin vacibliyindən danışan qonaq bildirdi ki, münaqişənin həllində beynəlxalq hüququn norma və prinsiplərinə istinad edilməlidir.
Söhbətdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları, regionda və dünyada sülhün bərqərar olması üçün atılan addımlar, bu istiqamətdə səylərin gücləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı, həmməruzəçilərin sualları cavablandırıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU