AZƏRBAYCAN-ƏFQANISTAN ƏLAQƏLƏRİ İNKİŞAF EDİR

XƏBƏRLƏR
20 may 2014 | 04:05   
Paylaşın:        

Mayın 20-də Milli Məclis sədrinin birinci müavini, Parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Əfqanıstan Milli Məclisinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri  Nisar Ahmad Haressin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.
Ölkələrimizin dost münasibətlərindən danışan Ziyafət Əsgərov dedi ki, Azərbaycan Əfqanıstanın sosial, iqtisadi sahədə inkişaf etməsi üçün hər zaman dəstək göstərib və bundan sonra da göstərəcək. Vitse-spiker Əfqanıstan dövlətinə BMT Baş Assambleyasında  Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən qətnamənin qəbul olunmasında və ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Qeyd etdi ki, iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi ilə bağlı sənəd imzalanıb. Daha 12 sənəd isə hazırlanma mərhələsindədir.
Ziyafət Əsgərov diqqətə çatdırdı ki, Əfqanıstanın təhlükəsizliyi dünya üçün çox əhəmiyyətlidir və bu ölkədə sabitliyin, sülhün bərqərar olması üçün yaradılmış “İstanbul Prosesi”nin iştirakçılarından biri də Azərbaycandır. Bu bölgədə əməkdaşlığın inkişaf etdirilməsi, sabitliyin və inkişafın təmin edilməsi “İstanbul Prosesi”nin əsas məqsədidir.   
Səmimi sözlər üçün təşəkkürünü bildirən Əfqanıstan Milli Məclisinin Yuxarı Palatasının Beynəlxalq əlaqələr komissiyasının sədri  Nisar Ahmad Haress Bakıda olduqları müddətdə səmərəli görüşlər keçirdiklərini dedi. Bildirdi ki, Azərbaycana səfələrinin məqsədi regionda baş verən terrorizm, narkotik vasitələrin dövriyyəsi və dini fundamentalizmə qarşı daha səmərəli mübarizəni təşkil etmək, bölgənin təhlükəsizliyınə, sabitliyə töhfə vermək üçün Kabulda dünya ölkələrinin parlamentarilərinin konfransının keçirilməsinə dəstək almaqdır. Bu məqsədlə də ilk səfərlərini Azərbaycana ediblər. Qonaq əlavə etdi ki, ölkəsi hər zaman Azərbaycanın yardımını, dəstəyini hiss edib.
Ziyafət Əsgərov erməni terrorundan əziyyət çəkən və ərazisinin bir hissəsi Ermənistanın işğalı altında olan  Azərbaycanın belə məsələlərə həssaslıqla yanaşdığını deyərək bildirdi ki, narkotik vasitələrə qarşı mübarizə ölkəmizin həyata keçirdiyi siyasətin prioritet istiqamətlərindəndir.

*      *       *

Sonra Əfqanıstan nümayəndə heyəti Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvləri ilə görüşdülər.
Komitə sədri Ziyad Səmədzadə qonaqlara ölkəmizin sürətli inkişafı, əldə olunan iqtisadi uğurları, həyata keçirilən iri layihələr və islahatlar, dövlət büdcəsi barədə geniş məlumat verdi. Dedi ki, Azərbaycan borc alan ölkədən borc verən ölkəyə çevrilib. Son illər iqtisadi imkanlarımız bir neçə dəfə  artıb. Azərbaycan regionun lider ölkəsidir.  Bu gün Azərbaycan dünyaya qaz ixrac edən ölkələrdəndir və ərazisi kiçik olsa da, dünyanın neft siyasətində mühüm yer tutur.
Nisar Ahmad Haress Azərbaycanın 20 ildə keçdiyi sürətli inkişaf yolunun onlarda böyük məmnunluq yaratdığını və bu inkişafla daha yaxından tanış olmaq istədiklərini söylədi. Bildirdi ki, əfqan xalqının gələcəyi dost ölkələrlə əməkdaşlığın möhkəmlənməsi ilə bağlıdır.
Sonra görüşdə tərəfləri maraqlandıran digər mövzularda fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU