HÜQUQ SİYASƏTİ VƏ DÖVLƏT QURUCULUĞU KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
20 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 20-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Avropa Şurası Parlament Assambleyasının Avropa Şurası Üzv Dövlətləri Tərəfindən Öhdəliklərin Yerinə Yetirilməsi üzrə Komitəsinin (Monitorinq Komitəsi) həmməruzəçiləri Pedro Aqramunt və Cozef Debono Qrex ilə görüşdülər.
Komitə sədri Əli Hüseynli qonaqları salamlayaraq, Avropa Şurası təmsilçiləri ilə belə görüşlərin artıq ənənəvi hal aldığını dedi. Bildirildi ki, Azərbaycanda aparılan hüquqi, o cümlədən insan haqları ilə bağlı islahatlarla əlaqədar sənədlər Milli Məclisin müzakirəsinə onun təmsil etdiyi komitə tərəfindən təqdim olunur. Komitə sədri bu sahədə görülən işlər barədə həmməruzəçilərə ətraflı məlumat verdi.
Azərbaycana fakt-araşdırıcı səfərə gələn həmməruzəçilər burada keçirdikləri görüşlərdən, apardıqları müzakirələrdən söhbət açdılar. Ölkəmizdə həyata keçirilən islahatların əhəmiyyətindən danışdılar. Azərbaycanın Avropa Şurasının bir sıra konvensiyalarını ratifikasiya etdiyini razılıqla qeyd etdilər.
Söhbət zamanı Azərbaycanla AŞPA arasında münasibətlərin gələcək inkişaf perspektivləri, ölkəmizdə insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində görülən işlər, monitorinq prosesinin gedişi və tərəfləri maraqlandıran digər aktual məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Görüşdə deputatlar Rövşən Rzayev, Azay Quliyev və Çingiz Qənizadə iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU