NATO PA-nın YAZ SESSİYASI LİTVADA KEÇİRİLƏCƏK

XƏBƏRLƏR
27 may 2014 | 06:05   
Paylaşın:        

Milli Məclis Sədrinin birinci müavini, NATO PA-da Azərbaycan parlamenti nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərovun başçılığı ilə deputatlar Məlahət İbrahimqızı, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev və Tahir Süleymanov qurumun yaz sessiyasında iştirak etmək üçün mayın 29-dan iyunun 2-dək Litvanın paytaxtı Vilnüsdə səfərdə olacaqlar.
Yaz sessiyasını NATO PA-nın prezidenti Hu Beylin açacaq. Sonra plenar iclasda Litva Seyminin spikeri xanım Loreta Grauziniene və ölkənin Baş naziri Algirdas Butkeviçius çıxış edəcəklər. NATO-nun Baş katibi və Şimali Atlantika Şurasının sədri Anders Fogh Rasmussen iştirakçıları maraqlandıran sualları cavablandıracaq. Assambleyanın təşkilati işlərinə baxıldıqdan sonra plenar iclas işini yekunlaşdıracaq.
Sessiya çərçivəsində siyasi qrupların iclaslarına liberallar, mühafizəkarlar, xristian demokratlar, sosialistlər qatılacaqlar.
Qurumun İqtisadiyyat və təhlükəsizlik, Siyasi, Elm və texnologiya, Təhlükəsizliyin mülki ölçüsü, Müdafiə və təhlükəsizlik, Daimi komitələrində dünyadakı siyasi vəziyyətin ən aktual məsələlərinə diqqət yetiriləcək. Baş məruzə kimi iki komitədə Əfqanıstanda siyasi keçid, nailiyyətlər və çağırışlar məsələsi müzakirəyə çıxarılacaq. “Kiber məkanı və avroatlantik təhlükəsizlik” məsələsinə həsr edilmiş xüsusi məruzə layihəsi təqdim olunacaq. Məruzəçilər Avropanın enerji təhlükəsizliyi ilə bağlı Xəzər dənizinin və Şərqi Aralıq dənizinin təbii qaz potensialına xüsusi diqqət yetirəcək, Ukraynadakı vəziyyəti, Gürcüstanın avroatlantik inteqrasiyasını, Suriyadakı vətəndaş müharibəsinin regional və qlobal nəticələrini təhlil edəcəklər.
Dünyanın təhlükəsizliyi naminə terrorçuluğa qarşı mübarizənin, demokratik təsisatların müdafiəsinin, transatlantik ticarət və investisiya tərəfdaşlığına dair danışıqlar aparılmasının vacibliyi önə çəkiləcək. Yeni texnologiyalar dövründə ağıllı müdafiə sisteminin qurulması ilə əlaqədar pilotsuz təyyarələr üzrə araşdırmaya, eləcə də ballistik raketlərdən müdafiə məsələlərinə xüsusi önəm veriləcək.
Sessiyada “NATO tərəfdaşlıqları və Alyansın açıq qapı siyasəti”, “NATO 2014-cü ildən sonra”, “Asiyaya münasibətdə dəyişən ABŞ və Avropa yanaşmasının iqtisadi müstəviləri” və digər mövzularda məruzələr dinləniləcək, fikir mübadiləsi aparılacaq.
Milli Məclisin deputatları NATO PA-nın yaz sessiyasında fəal iştirak edəcək, müzakirəyə çıxarılan məsələlərə Azərbaycanın mövqeyindən münasibət bildirəcəklər. 

 
                                               Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU