“V.ƏLƏSGƏROV: Azərbaycanla Böyük Britaniya arasında əməkdaşlığın inkişafında parlamentlərarası əlaqələrin əhəmiyyəti böyükdür”

XƏBƏRLƏR
29 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 29-da Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya  komitəsinin sədri Valeh Ələsgərovun Böyük Britaniya - Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşü  oldu.
Qonaqları  səmimi  salamlayan vitse-spiker Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini vurğuladı. Qeyd  olundu ki, belə səfərlər və parlamentarilərin sıx əməkdaşlığı iki ölkə arasındakı münasibətlərin yeni mərhələyə çıxmasında mühüm rol oynayır. Valeh Ələsgərov Azərbaycanda həyata  keçirilən  siyasi, iqtisadi və mədəni islahatlar haqqında qonaqlara ətraflı məlumat verdi. O, Böyük Britaniya şirkətlərinin respublikamızdakı uğurlu fəaliyyətinə toxundu,  ölkələrimiz arasında neft-qaz sahəsində səmərəli əməkdaşlığın olduğunu diqqətə  çatdırdı. “Şahdəniz-2” Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP layihələrindən bəhs edən parlament  sədrinin müavini bildirdi ki, bu layihələr Avropa ölkələrinin enerji mənbələrinə çıxışını şaxələndirəcəkdir. İnşası davam edən Bakı-Tbilisi-Qars dəmir yolu isə regional nəqliyyat şəbəkəsini xeyli inkişaf etdirəcəkdir. Bu cür nəhəng layihələr Azərbaycanla yanaşı, qonşu ölkələrin də inkişafına töhfə verəcəkdir.
Sonra Valeh Ələsgərov qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ  münaqişəsinin hazırkı  durumu barədə məlumat  verərək dedi ki, 20 ildən artıqdır ki, davam edən bu problem bütövlükdə regionu təhdid  altında  saxlayır. Ermənistan Azərbaycanın 20 faiz torpaqlarının qeyd-  şərtsiz  işğaldan  azad  edilməsi  ilə əlaqədar beynəlxalq  təşkilatların qəbul etdiyi  sənədlərə məhəl qoymur.
Səmimi  görüş  üçün minnətdarlıq  edən Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Kristofer Pinçer səfərdə əsas məqsədin siyasi, iqtisadi, humanitar və mədəni əlaqələrin inkişafına  xidmət etmək olduğunu vurğuladı. Qonaq Azərbaycanın regionda və beynəlxalq aləmdə artan nüfuzundan, ölkədə mövcud olan tolerant mühitdən, ölkələrimiz arasında qarşılıqlı əlaqələrin daha da möhkəmləndirilməsi üçün görüləcək işlərdən bəsh etdi. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU