MİLLİ MƏCLİSDƏ QƏBUL

XƏBƏRLƏR
30 may 2014 | 05:05   
Paylaşın:        

Mayın 30-da Milli Məclisin Sədri Oqtay Əsədov ABŞ-ın Nyu-Meksiko ştatı Senatının sədri xanım Meri Peypenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi.
Sədr qonaqları səmimi salamlayaraq ümidvar olduğunu bildirdi ki, bu səfər ölkələrimiz arasındakı əlaqələrin inkişafına yeni töhfə verəcəkdir. Qeyd edildi ki, demokratik, dünyəvi, hüquqi dövlət quruculuğu yolu ilə inamla addımlayan müstəqil Azərbaycan ABŞ və onun ştatları ilə əlaqələrin inkişafına böyük önəm verir. Heç də təsadüfi deyildir ki, ölkələrimiz arasındakı əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinədək yüksəlmişdir.
Görüşdə Sədr ABŞ-ın Nyu-Meksiko ştatında 28 mayın “Azərbaycanın milli günü” elan edilməsi ilə əlaqədar imzaladığı bəyannaməyə görə ştatın qubernatoru Susana Martinezinə təşəkkürünü çatdırmağı xahiş etdi. Söhbətdə Spiker qonaqlara ölkəmiz haqqında ətraflı məlumat verərək bildirdi ki,  hələ ötən əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan demokratiya yolunda cəsarətli addımlar ataraq, Şərqdə ilk dəfə qadınlara seçki hüququ vermişdir.  Hələ o dövrdə ABŞ-la diplomatik əlaqələr qurmuşdur. İlk cümhuriyyət 23 ay yaşamasına baxmayaraq, öz dövrü üçün mütərəqqi qanunlar qəbul etmişdir. 
Sədr vurğuladı ki, XX əsrin sonunda yenidən müstəqilliyə qovuşan Azərbaycanın xarici siyasətində Avropaya inteqrasiya aparıcı istiqamətlərdən biridir. Bu gün ABŞ-la həyatın müxtəlif sahələrində sıx əlaqələr qurulmuşdur. Ölkələrimiz arasında imzalanmış 76 sənəd  münasibətlərimizin hüquqi bazasını təşkil edir. ABŞ şirkətləri Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəal iştirak edirlər. Sürətlə inkişaf edən Azərbaycan qlobal layihələrə imza atmaqla Avropanın enerji təhlükəsizliyi sisteminə öz töhfəsini verməkdədir.
Bütün bunlarla yanaşı, Dağlıq Qarabağ problemi bölgənin tərəqqisinə, regionda sülh və əmin-amanlığın bərqərar olmasına böyük maneçilik törədir. Biz ABŞ-ın 15 ştatında, o cümlədən Nyu-Meksiko ştatının Senatında  Xocalı soyqırımı ilə əlaqədar qətnamənin qəbul olunmasını yüksək dəyərləndiririk. Ştatın Senatı tərəfindən Azərbaycana dair cari ilin fevralında qəbul edilmiş növbəti geniş qətnamədə  ölkəmizin ərazi bütövlüyünün dəstəklənməsi təqdirəlayiqdir. Hesab edirik ki, bu kimi obyektiv və ədalətli addımlar münasibətlərimizin daha da dərinləşməsinə xidmət edir.
Sədr parlamentlər səviyyəsində əlaqələrimizin daha da genişlənməsini günün tələbi hesab edərək, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərini önəmli hesab etdi.
Söhbətdə səmimi qəbul üçün minnətdarlığını bildirən ABŞ-ın Nyu-Meksiko ştatı Senatının sədri xanım Meri Peypen ölkəmizə səfərindən  məmnun qaldığını söylədi. Bildirildi ki, səfərin məqsədi dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi, bölgə həqiqətlərinin Amerika ictimaiyyətinə çatdırılmasından ibarətdir. Qonaq Azərbaycandakı inkişafa və buradakı qonaqpərvərliyə heyran olduğunu dilə gətirdi. O, Nyu-Meksiko ştatının qanunvericilik orqanı ilə Milli Məclis arasında qarşılıqlı faydalı əlaqələrin inkişafı baxımından hər iki ölkə deputatlarının görüşlərini informasiya mübadiləsi baxımından əhəmiyyətini hesab etdi.
Qəbulda Dağlıq Qarabağ münaqişəsindən söz açan xanım Meri Peypen bu məsələyə başçılıq etdiyi Senatda böyük əhəmiyyət verildiyini və problemlə əlaqədar  iki mühüm qərarın qəbul olunduğunu söylədi. Bildirildi ki, Senatın bu qətnamələrində azərbaycanlılara qarşı törədilən Xocalı soyqırımı qətiyyətlə pislənilmiş, Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğu birmənalı şəkildə vurğulanmışdır.
Görüşün sonunda yuxarıda adı çəkilən sənədlərin surətləri  Milli Məclisin Sədrinə təqdim olundu.
Söhbətdə ikitərəfli əlaqələrin bu günü və gələcək inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, “Azadlığa dəstək aktı”na 907-ci düzəlişin ləğv edilməsi, humanitar sahələrdə əməkdaşlıq və tərəfləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Qəbulda Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, ABŞ-la parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı, Milli Məclisin  Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU