Abdulla ibn Məhəmməd Ən-Nasir: “Azərbaycan İslam dünyasının ayrılmaz bir parçasıdır”.

XƏBƏRLƏR
05 iyun 2014 | 03:06   
Paylaşın:        

İyunun 5-də Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Ziyafət Əsgərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasında tarixi köklərə əsaslanan dostluq və qardaşlıq münasibətlərindən danışdı. Bildirdi ki, iki ölkə arasında ticari-iqtisadi, mədəni, humanitar sahələrdə əlaqələr inkişaf edir. Qarşılıqlı səfərlər, görüşlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Qeyd olundu ki, qarşılıqlı münasibətlərin möhkəmlənməsində parlamentlərarası əlaqələrin də mühüm rolu vardır.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan Milli Məclis Sədrinin birinci müavini diqqətə çatdırdı ki, BMT Təhlükəsizlik Şurasının problemin həlli ilə bağlı qəbul etdiyi dörd qətnaməyə məhəl qoymayan Ermənistan torpaqlarımızın 20 faizini hələ də işğal altında saxlayır. Bu münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdir.
1990-cı ildən bəri Ermənistanın Azərbaycanda 30-dan çox terror aktı törətdiyini deyən Ziyafət Əsgərov qonaqlara Xocalı soyqırımı haqqında məlumat verdi. O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkürünü bildirdi.
Milli Məclis Sədrinin birinci müavini, həmçinin Azərbaycanın 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində Səudiyyə Ərəbistanının göstərdiyi dəstəyin ölkəmizdə yüksək qiymətləndirildiyini qeyd etdi. O, vurğuladı ki, Səudiyyə Ərəbistanı, eyni zamanda, Azərbaycan ilə birgə terrorizmə qarşı mübarizə aparan ən fəal ölkələrdən biridir.
Azərbaycanın İslam dünyasının ayrılmaz bir parçası olduğunu deyən Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdulla ibn Məhəmməd Ən-Nasir ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafının məmnunluq doğurduğunu söylədi. O, bildirdi ki, həm Səudiyyə Ərəbistanının, həm də Azərbaycanın neft ölkəsi olduğunu nəzərə alaraq, enerji sahəsində təcrübə və məlumat mübadiləsinin, birgə əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanlar vardır.
Səudiyyə Ərəbistanının daim sülhü dəstəklədiyini deyən Abdulla ibn Məhəmməd Ən-Nasir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəsinin mövqeyinin dəyişməz olduğunu qeyd etdi. Qonaq diqqətə çatdırdı ki, Səudiyyə Ərəbistanı ermənilərin törətdikləri terror aktlarını qətiyyətlə pisləyir.
Sonra görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri haqqında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU