AZƏRBAYCANIN PARLAMENT DİPLOMATİYASI BEYNƏLXALQ HÜQUQUN NORMA VƏ PRİNSİPLƏRİNƏ ƏSASLANIR

XƏBƏRLƏR
06 iyun 2014 | 12:06   
Paylaşın:        

Xəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində  Milli Məclis Sədrinin ölkənin Federal Məclisinin  Federasiya Şurasının və Dövlət Dumasının rəhbərliyi ilə görüşləri keçirilmişdir. Parlament  Sədrinin Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin  yaydığı məlumatda yanlışlığa yol verilərək bildirilmişdir ki, guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcəkdir.
Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da Milli Məclisin Sədri tərəfindən belə bir fikir səsləndirilməmişdir. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə etmiş, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulamışdır. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır.
Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU