Abdulla ibn MUHƏMMƏD ƏN-NASİR: “ÖZÜMÜZƏ, XALQLARIMIZIN ZƏNGİN POTENSİALINA GÜVƏNMƏLİYİK.”

XƏBƏRLƏR
06 iyun 2014 | 06:06   
Paylaşın:        

İyunun 6-da Milli Məclisdə Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvləri ölkəmizdə səfərdə olan Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşdülər.
Qonaqları mehribanlıqla salamlayan qrupun rəhbəri Fəttah Heydərov Azərbaycanla Səudiyyə Ərəbistanı arasındakı dostluq və qardaşlıq münasibətlərinin dini, mədəni, tarixi baxımdan dərin köklərə əsaslandığını vurğuladı. Müstəqil Azərbaycanın memarı ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi, diplomatik münasibətlərin hər iki ölkə üçün əhəmiyyətini qeyd etdi. Bildirdi ki, dövlət rəsmilərinin, parlamentarilərin qarşılıqlı səfərləri əlaqələrimizin möhkəmlənməsində mühüm rolu oynayır. Səudiyyə Ərəbistanı parlamentinin nümayəndə heyəti ilə görüşdən məmnunluğunu bildirən Fəttah Heydərov onların arasında qadın deputatların olmasını xüsusilə yüksək qiymətləndirdi.  
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyinə görə Səudiyyə Ərəbistanına təşəkkür bildirildi. Ölkəmizin bu ağrılı problemi ilə bağlı Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov da qonaqlara ətraflı məlumat verdi.
Görüşdə nümayəndə heyətinin başçısı, Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdulla ibn Muhəmməd Ən-Nasir bildirdi ki, Dağlıq Qarabağ münaqişəsində ölkəmizin mövqeyi dəyişməzdir. İslam dünyasının ayrılmaz parçası olan Azərbaycanın haqlı mövqeyini daim dəstəkləyir, təcavüzkar Ermənistanın işğal etdiyi torpaqlarda törətdiyi terror aktlarını, həmçinin Azərbaycana məxsus mədəni abidələrin və tarixi izlərin yox edilməsi istiqamətindəki fəaliyyətini qətiyyətlə pisləyirik. O qeyd etdi ki, bu cür münaqişələrin həllində yalnız özümüzə, xalqlarımızın zəngin potensialına güvənməliyik.
Ölkəsindəki yeniliklər barədə Milli Məclisdəki həmkarlarına məlumat verən qonaq son illər Səudiyyə Ərəbistanı kralının təşəbbüsü ilə seçkili orqanlarda qadınlara yer verildiyini, hazırda parlamentdə 30 nəfər qadın deputatın olduğunu nəzərə çatdırdı.
Sonra Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü, xanım Əməl bint Səlamə Əş-Şaman fikirlərini bölüşdü. Təmsil etdiyi parlamentdə qadınların 20 faiz təşkil etməsindən qürur duyduqlarını bildirdi. Qeyd etdi ki, ölkəsinin hazırkı dövlət siyasətində qadınların roluna böyük önəm verilir, qadınlar dövlət idarəçiliyinə, universitetlərə, bələdiyyələrə, iqtisadiyyatın inkişafına  cəlb edilir, yüksək vəzifələrə təyin olunur.
Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı. 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU