MİLLİ MƏCLİSDƏ GÖRÜŞ

XƏBƏRLƏR
13 iyun 2014 | 05:06   
Paylaşın:        

İyunun 13-də Milli Məclisdə vitse-spiker Bahar Muradova Avropada və Latın Amerikasında nüfuzlu təşkilat olan Mərkəzçi Beynəlxalq Demokratların (Centrist Democrat İnternational – CDİ) nümayəndələri ilə görüşdü.
Milli Məclis Sədrinin müavini qonaqlara Azərbaycanın beynəlxalq aləmə inteqrasiyada maraqlı olduğunu bildirdi. Qeyd etdi ki, siyasi, iqtisadi, sosial, beynəlxalq əlaqələr və digər sahələrdə öz inkişaf dövrünü yaşayan ölkəmiz yeni dostlar və tərəfdaşlarla münasibət qurmağa daim hazırdır. Məlumat verdi ki, Azərbaycan parlamentində 11 siyasi partiyanın nümayəndəsi var. Çoxluq Yeni Azərbaycan Partiyasına məxsusdur. YAP Milli Məclisdə 69 deputatla təmsil olunub. 42 nəfər isə bitərəf deputatdır.
Bahar Muradova bildirdi ki, ölkənin iqtidar partiyası olan YAP  beynəlxalq əlaqələrini daim genişləndirir, dünya ölkələrindəki bir sıra nüfuzlu siyasi partiyaların təcrübəsinə önəm verir. Bu baxımdan Mərkəzçi Beynəlxalq Demokratlar ilə əməkdaşlığın dərinləşməsi də məqsədə uyğundur.
Görüşdə CDİ-nin baş əlaqələndiricisi Alberto Ruiz və Şərqi Avropa üzrə əlaqələndiricisi Sezar Rosello təmsil etdikləri qurum barədə ətraflı məlumat verdilər. Bildirdilər ki, 39 ölkədən 74 siyasi partiyanın daxil olduğu Avropa Xalqları Partiyası (European People’s Party – EPP) CDİ-nin bu qitədəki qoludur. EPP-in üzvləri Avropa strukturlarında geniş təmsil olunur. Əsasən sağ mərkəzçi mövqedə dayanan CDİ YAP-la əməkdaşlıqda maraqlıdır. Hazırkı səfər daha sıx əlaqələrin qurulmasına xidmət edir.
Görüşdə Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr departamentinin rəhbəri Asəf Hacıyev iştirak edirdi.


  Milli Məclisin
Mətbuat xidməti

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU