AZƏRBAYCANLA QAZAXISTAN QARDAŞ ÖLKƏLƏRDİR

XƏBƏRLƏR
24 iyun 2014 | 04:06   
Paylaşın:        

İyunun 24-də Milli Məclis Sədrinin müavini Bahar Muradova Qazaxıstan Xarici İşlər Nazirliyinin Avropa departamentinin rəhbəri Aygül Kuspan və Xarici İşlər Nazirliyinin Ümumavropa əməkdaşlığı idarəsinin rəisi Timur Sultanqojin ilə görüşdü.
İşgüzar söhbətdə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərinin durmadan inkişaf etdiyi vurğulandı. Qeyd olundu ki, postsovet məkanında yerləşən hər iki ölkə müstəqilliyini qazandıqdan sonra demokratik dövlət quruculuğunu möhkəmləndirmək və beynəlxalq aləmə inteqrasiya yolunda inamlı addımlar atır. Nüfuzlu beynəlxalq təşkilatlarda Azərbaycan və Qazaxıstan rəsmilərinin əməkdaşlığı məmnunluq doğurur. İkitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası mühüm rol oynayır. Hər iki ölkə çoxşaxəli əməkdaşlığın genişlənməsində maraqlıdır.
Vitse-spiker Bahar Muradova onu da nəzərə çatdırdı ki, son illər ölkəmizdə ardıcıl qaydada müxtəlif səviyyəli beynəlxalq tədbirlər keçirilir. Yaxın günlərdə Azərbaycan ATƏT PA-nın 23-cü illik sessiyasına ev sahibliyi edəcək. Ölkəmiz bu tədbirə xüsusi önəm verir və qurumun rahat şəraitdə işləyə bilməsi üçün ciddi hazırlıq görülüb. Bu günlərdə Milli Məclisdə olan ATƏT-in Bakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski də tədbirə hazırlığın səviyyəsindən razılığını bildirib. 
Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi sahəsində mövcud təcrübəsini yüksək dəyərləndirən Qazaxıstan XİN-in əməkdaşları Aygül Kuspan və Timur Sultanqojin məlumat verdilər ki, onların parlament nümayəndə heyəti də ATƏT-in Bakıdakı sessiyasında yaxından iştirak edəcək. Qeyd olundu ki, hazırkı beynəlxalq vəziyyətlə əlaqədar qurumun 23-cü illik sessiyasında qızğın müzakirələrin olacağı gözlənilir.
Görüşdə Azərbaycan-Qazaxıstan əməkdaşlığının inkişaf perspektivləri barədə səmərəli fikir mübadiləsi aparıldı.
Qonaqları Qazaxıstanın Azərbaycandakı səfirliyinin müşaviri Dastan Süleymenov müşayiət edirdi.

  Milli Məclisin
Mətbuat xidməti

 

 


 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU