SAMUEL SANTOS LOPEZ: “NİKARAQUA AZƏRBAYCANLA ƏMƏKDAŞLIQDA MARAQLIDIR”

XƏBƏRLƏR
11 iyul 2014 | 09:07   
Paylaşın:        

İyulun 9-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez ilə görüşdü.
Ölkələrimiz arasında diplomatik əlaqələrin 20 yaşı olduğunu vurğulayan I vitse-spiker Nikaraquadan Azərbaycana gələn ilk rəsmi şəxs kimi nazir Lopezin səfərini yüksək dəyərləndirdi. Dövlətlərarası və parlamentlərarası əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyimizi qeyd etdi. Ziyafət Əsgərov Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu, ölkəmizdə neft sənayesi ilə yanaşı qeyri-neft sektorunun da inkişaf etdiyini bildirdi. Nikaraqua ilə elm, təhsil, turizm və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu dedi.
Görüşə görə minnətdarlığını bildirən Nikaraquanın xarici işlər naziri Samuel Santos Lopez təmsil etdiyi ölkənin Prezidentinin və Parlament rəhbərinin salamlarını Milli Məclisin rəhbərliyinə çatdırdı. Azərbaycanın inkişafı barədə yüksək fikirdə olduqlarını qeyd edərək, səfər zamanı gördüklərindən məmnunluqla söz açdı. Bildirdi ki, Azərbaycanın ən böyük sərvəti onun insanlarıdır. Samuel Santos Lopez ölkəmizdə keçirdiyi görüşlərdən bəhs etdi. Sonra öz ölkəsi barədə məlumat verdi. Ötən əsrin 70-80-ci illərində müharibə şəraitində yaşayan Nikaraquanın son on ildə keçdiyi yoldan, qazandığı nailiyyətlərdən, nail olduğu gender bərabərliyindən söhbət açdı. Sakit okeanla Atlantik okeanını birləşdirmək üçün həyata keçirməyə hazırlaşdıqları qlobal layihə, 278 km uzunluğunda tikiləcək kanal barədə ətraflı məlumat verdi. Nikaraquanın Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu vurğuladı. Parlamentlərarası əlaqələrin təməlinin qoyulması üçün  Milli Məclisin Sədrini ölkələrinə dəvət etdiklərini bildirdi.
Söhbət zamanı qonağa Dağlıq Qarabağ problemi, Ermənistanın təcavüzkar mövqeyi, münaqişə bölgəsindəki vəziyyət, Xocalı soyqırımı barədə məlumat verildi. Azərbaycanın beynəlxalq aləmdəki nailiyyətlərindən bəhs olundu.
Görüşdə Nikaraquanın İrandakı səfiri Mario Barkuero iştirak edirdi.

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU