BELÇİKA PARLAMENTİNDƏ DAĞLIQ QARABAĞA DAİR MÜZAKİRƏLƏR APARILACAQ

XƏBƏRLƏR
05 mart 2012 | 04:03   
Paylaşın:        

Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvlərindən ibarət nümayəndə heyəti martın 5-də Belçikanın paytaxtı Brüsselə səfərə yola düşəcək. Nümayəndə heyətinə qrupun rəhbəri Elxan Süleymanov, deputatlar Zahid Oruc, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Azər Kərimli və Ceyhun Osmanlı daxildirlər.
Deputatlarımız Belçika Parlamentinin Nümayəndələr Palatasında təşkil edilən “Dağlıq Qarabağ münaqişəsi – hüquqi və humanitar aspektlər”, “İşğal edilmiş ərazilər, unudulmuş ərazilər” mövzularında müzakirələrdə iştirak edəcəklər.
Tədbir 1988-ci ildən indiyədək Azərbaycanın keçdiyi tarixi yolu və Dağlıq Qarabağ regionundakı mövcud humanitar vəziyyəti ictimailəşdirmək, həmçinin Belçikanın siyasi hakimiyyət dairələrinin diqqətini bu vacib məsələyə yönəltmək məqsədi daşıyır. Müzakirələrdə ölkənin tanınmış siyasətçiləri, rəsmi dövlət adamları və deputatlar iştirak edəcəklər.
Milli Məclisin deputatları müzakirələrdə fəallıq göstərəcək,  Azərbaycan reallıqlarını, Dağlıq Qarabağ həqiqətlərini bir daha  Avropa ictimaiyyətinin diqqətinə çatdıracaq, münaqişənin həllində destruktiv mövqe tutan işğalçı Ermənistanın riyakar siyasətini ifşa edəcəklər.
Səfər çərçivəsində Azərbaycan parlamentarilərinin  Belçika Parlamenti Nümayəndələr Palatasının sədri Andre Flaho ilə, həmçinin Belçika diplomatiyasının nüfuzlu nümayəndələri ilə görüşləri də nəzərdə tutulur.
Səfər martın 8-də başa çatacaq.

 

Milli Məclisin
Mətbuat xidməti

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU