MİLLİ MƏCLİSDƏ TƏLƏBƏLƏRLƏ GÖRÜŞ

XƏBƏRLƏR
12 sentyabr 2014 | 04:09   
Paylaşın:        

Sentyabrın 12-də Milli Məclis Sədrinin müavini Bahar Muradovanın 2014-cü ildə Azərbaycanın ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında yüksək bal toplamış Füzuli rayonunu təmsil edən gənclərlə görüşü keçirilib.
Öncə görüş iştirakçıları parlamentin inzibati binası, iclas zalları, Heydər Əliyev muzeyi ilə tanış oldular. Onlara Milli Məclisin tarixi,  fəaliyyəti barədə ətraflı məlumat verildi.
Görüşdə Bahar Muradova orta məktəbi müvəffəqiyyətlə başa vuraraq  qəbul imtahanlarında qazandıqları uğur münasibəti ilə tələbələri təbrik etdi, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladı. Qeyd olundu ki, gənclərin əldə etdiyi yüksək göstəricilər böyük nailiyyətdir və onlar bu nəticəni təhsil müddətində də nümayiş etdirməli, öz bilik və bacarıqları ilə ölkəmizin adını ucaltmalıdırlar. Bildirildi ki, bu gün Azərbaycan dövlətinin apardığı məqsədyönlü siyasət nəticəsində ölkə gənclərinin özlərini istənilən sahədə təsdiq etmələri üçün geniş imkanlar yaradılıb. Ölkə rəhbərliyinin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı sayəsində bu sahənin mütərəqqi prinsiplər əsasında inkişafı üçün görülən işlərin əhəmiyyəti vurğulandı.
Bahar Muradova xüsusilə işğal altında olan bölgələrimizi təmsil edən gənclərin biliyə olan həvəsi, vətənpərvər ruhda böyüməsi sayəsində  belə yüksək nəticələr əldə etməsinin əhəmiyyətini qeyd etdi. Onların təlim-tərbiyəsi ilə məşğul olan müəllimlərə bu yolda göstərdikləri fədakar əməyə görə təşəkkürünü bildirdi. Qeyd olundu ki, gənclərimiz də öz növbəsində torpaqlarmızın azad olunması, ölkəmizin haqq səsinin dünyaya çatdırılması uğrunda dövlətin apardığı siyasətə dəstək olmalı, səylərini əsirgəməməlidirlər.
Vitse-spiker həmçinin Milli Məclisin fəaliyyəti, deputatlara yaradılan şərait, qanunvericilik prosesi barədə görüş iştirakçılarına geniş məlumat verdi. Ölkəmizdə son vaxtlar parlament xətti ilə keçirilən beynəlxalq tədbirlərin əhəmiyyəti barədə fikirlərini açıqladı.
Sonra Milli Məclis Sədrinin müavini Bahar Muradovanın adından yüksək bal toplamış 10 nəfər tələbəyə təbrik plaketləri və “Samsung” şirkətinin istehsalı olan noutbuklar  hədiyyə olundu.
Füzuli rayonunun 1 saylı Qayıdış qəsəbə tam orta məktəbinin məzunu, Prezident təqaüdçüsü Gülşən Heydərova və başqaları çıxış edərək gənclərə göstərilən diqqət və qayğıya görə ölkə və parlament rəhbərliyinə minnətdarlıqlarını bildirdilər.
Sonda görüş iştirakçıları Ümummilli lider Heydər Əliyevin Milli Məclisin foyesində qoyulmuş heykəli qarşısında xatirə şəkilləri çəkdirdilər. 
Görüşdə Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, Füzuli Rayon İcra hakimiyyəti başçısının müavini Kəmalə Məmmədova, rayon Təhsil şöbəsinin müdiri Almaz Haşımova, KOİCA Koreya İnkişaf Agentliyinin Bakı ofisinin nümayəndəsi Chu Kyung Van, “Samsung” şirkətinin təmsilçisi Sangpil Çan iştirak edirdilər.

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU