PARLAMENTDƏ BÖYÜK BRİTANİYALI DEPUTATLARLA GÖRÜŞ
Sentyabrın 17-də Milli Məclisin Böyük Britaniya parlamenti ilə əlaqələr üzrə işçi qrupu üzvlərinin Böyük Britaniya parlamentinin deputatları ilə görüşü oldu.
İqtisadi siyasət komitəsinin sədr müavini, Azərbaycan–Böyük Britaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Çingiz Əsədullayev parlamentlərarası əlaqələrimizin yüksək səviyyədə olduğunu bildirdi. O, son illərdə Azərbaycanda həyatın bütün sahələrində, o cümlədən iqtisadi sahədə müşahidə olunan inkişafdan söhbət açdı. İşçi qrupun rəhbəri Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mövcud durumundan danışdı. Qeyd olundu ki, bütün regionu təhdid altında saxlayan bu münaqişənin həllinə beynəlxalq ictimaiyyət laqeyd qalmamalıdır.
Görüşdə çıxış edən qrupun üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov iki ölkə arasındakı əlaqələrin genişləndirilməsində parlamentlərarası əlaqələrin rolundan danışdı.
Böyük Britaniya parlamentinin üzvü Toni Boldri ölkələrimiz arasındakı dostluq əlaqələrindən məmnun olduğunu vurğuladı. Qonaq hər iki ölkə arasında iqtisadi sahədə o cümlədən, başqa sahələrdə də əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcud olduğunu qeyd etdi.
Görüşdə səmərəli əməkdaşlıq imkanları, təhsil, kənd təsərrüfatı və digər sahələrdə əlaqələrin inkişafı məsələləri müzakirə olundu.
Milli Məclisin
Mətbuat xidməti