Vitse-spiker Valeh ƏLƏSGƏROV: “Bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində biz əməkdaşlığa və dostluğa həmişə hazırıq.”

XƏBƏRLƏR
17 sentyabr 2014 | 04:09   
Paylaşın:        

Sentyabrın 17-də Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov ölkəmizdə səfərdə olan Almaniya Bundestaqının komitə sədrləri Peter Ramsauer və Dağmar Vöhri ilə görüşdü.
Valeh Ələsgərov qloballaşan dünyada Azərbaycanın tutduğu mövqe, parlamentin beynəlxalq əlaqələri, ölkəmizin iqtisadi inkişafı, həyata keçirilən neft-qaz layihələri, kiçik və orta sahibkarlığın inkişaf templəri barədə qonaqlara məlumat verdi. Müxtəlif parlament qurumları ilə əməkdaşlıqdan danışdı. Bildirdi ki, bərabərhüquqlu tərəfdaşlıq səviyyəsində biz hər zaman əməkdaşlığa və dostluğa hazırıq.
Almaniya Bundestaqının İqtisadi inkişaf komitəsinin sədri xanım Dağmar Vöhri səfər çərçivəsində maraqlı görüşlər keçirdiklərini, Azərbaycan barədə çoxçeşidli məlumat əldə etdiklərini vurğuladı. Bu barədə hesabat hazırlayıb Bundestaqa təqdim edəcəklərini bildirdi. Qeyd etdi ki, deputatların səfər hesabatlarındakı rəylərinə parlamentdə xüsusi əhəmiyyət verilir. Qonaq Almaniyanın Azərbaycanla sıx əməkdaşlıq etdiyini, əlaqələri daha da dərinləşdirmək istədiklərini diqqətə çatdırdı.
Söhbət zamanı dünya siyasətindəki aktual hadisələrlə əlaqədar Avropanın tutduğu mövqeyə, Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu. Almaniya Bundestaqının İqtisadiyyat və energetika komitəsinin sədri Peter Ramsauer bəzi məsələlərə dair fikirlərini açıqladı.
Görüşdə Milli Məclisin Azərbaycan-Almaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Çingiz Əsədullayev, Almaniyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Haydrun Tempel, digər rəsmi şəxslər iştirak edirdilər.

 
Milli Məclisin
Mətbuat xidməti   


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU