Aleksis ŞAHTAXTİNSKİ: “Azərbaycanın dini tolerantlıq təcrübəsini dünyaya yaymaq istəyirik.”

XƏBƏRLƏR
19 sentyabr 2014 | 05:09   
Paylaşın:        

Sentyabrın 19-da Milli Məclis Sədrinin müavini Bahar Muradova ATƏT-in Bakı layihə əlaqələndiricisi, səfir Aleksis Şahtaxtinski ilə görüşdü.
Görüş üçün vitse-spikerə minnətdarlıq edən səfir öncə ATƏT PA-nın bu yay Bakıda keçirilən 23-cü illik sessiyasının yüksək səviyyədə təşkilinə və uğurla başa çatmasına görə Milli Məclisə təşəkkürünü bildirdi. Təmsil etdiyi qurumun yeni əməkdaşlarını təqdim etdi. Sonra  ATƏT missiyasının planlaşdırdığı layihələrdən söz açdı. Məlumat verdi ki, “Dini tolerantlığın təşviqi” ilə bağlı hazırladıqları layihə Azərbaycan XİN-də təsdiq olunub. Bu il noyabrın 17-də Bakıda həmin mövzuda konfrans keçiriləcək. Dünyanın bir sıra ölkələrindən din xadimlərinin, tanınmış alimlərin, siyasətçilərin, Avropa Şurası və YUNESKO kimi nüfuzlu beynəlxalq qurumların nümayəndələrinin, universitetlərin və vətəndaş cəmiyyətinin təmsilçilərinin dəvət olunacağı tədbirdən məqsəd Azərbaycanın dini tolerantlıq məskəni olduğunu vurğulamaq və bu sahədəki müsbət təcrübəsini dünyaya yaymaqdır.
Aleksis Şahtaxtinski dedi ki, son dövrlər durmadan radikallaşan dünyada xalqları və millətləri, dövlətləri bir-birinə qarşı qoyan  müxtəlif meyllərin gücləndiyi müşahidə olunur. Bu baxımdan müsəlman ölkəsi olan Azərbaycanda tolerantlığın çox yüksək səviyyədə olduğunu göstərmək, ATƏT regionundakı qonşu ölkələrdə dini tolerantlığın vəziyyətinə nəzər salmaq, müqayisəli təhlillər aparmaq vacib və faydalıdır. Beynəlxalq miqyasda terrorizmin qarşısının alınması üçün bütün dünya dözümsüzlüyə, zərərli meyllərə qarşı mübarizədə səylərini birləşdirməlidir.
Səmimi söhbətdə ATƏT-in Bakı layihə əlaqələndiricisi “Dini tolerantlığın təşviqi”nə dair konfransın yüksək səviyyədə keçirilməsi üçün Milli Məclisin hərtərəfli dəstəyinə ehtiyac duyduqlarını bildirdi. Konfrans proqramının layihəsi barədə Bahar xanıma məlumat verdi və təşkilati işlərlə bağlı məsləhətləşmələr apardı. 
Milli Məclis Sədrinin müavini Bahar Muradova ölkəmizdə yeni mandatla fəaliyyətə başlamış ATƏT missiyasının ümumi məsələlərdən uzaqlaşaraq konkret işlər, nəticə verən işlər görməsini razılıqla qarşıladı. Bu formatda əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyinə inam ifadə etdi. Dünyada gedən proseslərə toxunaraq qeyd etdi ki, hər hansı problemin səbəbləri və əlamətləri ilə mübarizə aparmaq daha səmərəlidir, nəinki nəticələri ilə.
Görüşdə səslənmiş təkliflərə münasibətini açıqlayan Bahar Muradova bildirdi ki, “Dini tolerantlığın təşviqi”nə dair layihəni dəstəkləyir. Azərbaycan bu sahədə malik olduğu üstün cəhətləri, mövcud təcrübəsini bölüşməyə, mövqeyini ifadə etməyə hazırdır. Vitse-spiker qonağı əmin etdi ki, Milli Məclis ATƏT missiyasının Bakı təmsilçilərinə köməyini əsirgəməyəcək.


  Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU