AŞPA PREZİDENTİ PARLAMENTİN QURUMDAKI NÜMAYƏNDƏ HEYƏTİ İLƏ GÖRÜŞDÜ

XƏBƏRLƏR
23 sentyabr 2014 | 05:09   
Paylaşın:        

Sentyabrın 23-də Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti üzvlərinin qurumun ölkəmizdə səfərdə olan prezidenti Ann Brassörlə görüşü keçirildi.
Qonağı  salamlayan  Beynəlxalq  münasibətlər  və  parlamentlərarası əlaqələr  komitəsinin  sədri,  nümayəndə  heyətinin  rəhbəri  Səməd  Seyidov  Azərbaycanın AŞPA ilə uğurlu əməkdaşlığından söhbət açdı, qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafında əhəmiyyətini qeyd etdi.
Millət  vəkilləri, nümayəndə  heyətinin üzvləri  Rövşən  Rzayev, Rafael  Hüseynov, Sahibə Qafarova, Sevinc  Fətəliyeva, Fazil Mustafa  öz çıxışlarında Ermənistan-Azərbaycan, Dağlıq  Qarabağ  münaqişəsinin  Azərbaycanın  başına  gətirdiyi  bəlalardan  danışdılar. Bildirildi ki, bu gərgin  vəziyyət  bütün  region  ölkələrini  təhdid  altında  saxlayır. Münaqişə nəticəsində Azərbaycanın 20 faiz ərazisi erməni işğalı altındadır, 1 milyondan çox həmyerlimiz öz vətənində qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Azərbaycan tərəfi münaqişənin ATƏT-in Minsk qrupu çərçivəsində sülh yolu ilə həlli prosesinə sadiqdir və Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında etimad mühiti yaradılması səylərini dəstəkləyir. Bu məqsədlə AŞPA-da vaxtilə yaradılan alt komitənin fəaliyyətinin bərpa edilməsinin vacibliyi vurğulandı. Sonra  millət  vəkilləri Azərbaycanın  keçdiyi  inkişaf  yolundan, ölkədə  gender  bərabərliyi  prinsiplərinin inkişafından, uşaq  və  gənclər  siyasəti ilə bağlı  görülən işlərdən  danışdılar.
AŞPA prezidenti Ann Brassör Azərbaycan nümayəndə heyətinin qurumdakı fəaliyyətini yüksək qiymətləndirdi. Səfər çərçivəsində keçirdiyi görüşlərdən danışan qonaq bildirdi ki, müzakirə olunan mövzular Azərbaycandakı son vəziyyətlə bağlı müsbət təsəvvür yaratmağa imkan verib. Xanım  qonaq ermənilərin qeyri-konstruktiv mövqeyinə baxmayaraq icmalar arasındakı görüşün təşkilinin münaqişənin həlli prosesində müsbət  addım  ola  biləcəyinə  ümid  etdiyini də  diqqətə  çatdırdı. 
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat  xidməti

 

 

 

 

 

 

 

 

 

 

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU