SOSİAL SİYASƏT KOMİTƏSİNDƏ GÖRÜŞ

XƏBƏRLƏR
26 sentyabr 2014 | 04:09   
Paylaşın:        

Sentyabrın 26-da Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli ölkəmizdə səfərdə olan Rusiya Federasiyasının Federasiya Şurasının Sosial siyasət komitəsi sədrinin birinci müavini Vyaçeslav Fetisov ilə görüşdü.
Qonağı salamlayan komitə sədri ona Azərbaycanda sosial sahədə qəbul olunmuş qanunlar, gənc ailələr üçün nəzərdə tutulmuş güzəştlər, ölkəmizin səhiyyə və təhsil sitemində həyata keçirilən islahatlar, idmanın inkişafı, icbari tibbi sığorta sisteminə keçid, ASAN xidmət mərkəzlərinin fəaliyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı və Slavyan Universiteti fəaliyyət göstərir. Ölkəmizdəki dini tolerantlıq bir çox ölkələrə nümunə ola bilər.
Ölkəmizin iqtisadi inkişafı barədə danışan Hadi Rəcəbli diqqətə çatdırdı ki, bir çox ölkələrin iqtisadiyyatına ciddi təhlükə yaratmış dünya iqtisadi böhranı demək olar ki, Azərbaycanda hiss olunmadı. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan uğurlu siyasətin nəticəsi idi.
Qonağa məlumat verildi ki, Azərbaycanda idmanın bir sıra sahələri sürətlə inkişaf edir. Regionlarda 40 müasir Olimpiya Mərkəzi, yeni Gimnastika Mərkəzi tikilib istifadəyə verilmiş, ölkəmiz 2015-ci il Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməyə hazırlaşır.
Qonaqpərvərliyə görə təşəkkürünü bildirən Rusiya Federasiyasının Federasiya Şurasının Sosial siyasət komitəsi sədrinin birinci müavini, məşhur hokkey ustası Vyaçeslav Fetisov ölkəmizdə gördüyü inkişafdan məmnunluğunu ifadə etdi. Rusiyada sosial sahənin inkişafı üçün görülən işlərdən danışan qonaq bu sahədə təcrübə mübadiləsinin əhəmiyyətini qeyd etdi. Vyaçeslav Fetisov Azərbaycanın 2015-ci il Avropa Olimpiya Oyunlarına ev sahibliyi etməsini yüksək qiymətləndirdi. Azərbaycana uğurlar arzulayan qonaq bildirdi ki, yalnız güclü dövlət belə bir tədbiri öz ölkəsində keçirə bilər. Qonaq ölkəmizdə hokkey idman növünün inkişafı üçün əlindən gələn köməyi etməyə həmişə hazır olduğunu diqqətə çatdırdı.
Söhbət zamanı tərəfləri maraqlandıran digər məsələlər barədə də fikir mübadiləsi aparıldı.
Görüşdə Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev və komitənin üzvü Rauf Əliyev iştirak edirdilər.

 

Milli Məclisin
Mətbuat xidməti


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU