SUDAN AZƏRBAYCANLA HƏRTƏRƏFLİ ƏMƏKDAŞLIQDA MARAQLIDIR

XƏBƏRLƏR
03 oktyabr 2014 | 10:10   
Paylaşın:        

Oktyabrın 2-də Milli Məclisdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri Sudan Milli Assambleyasının Xarici əlaqələr komitəsinin sədri Məhəmməd Yusif Abdullah ilə görüşdülər.
Komitənin üzvü Cavanşir Feyziyev Azərbaycanın müstəqilliyi dövründə ölkələrimiz arasında təşəkkül tapmış əlaqələrdən söz açdı. Ötən 20 ildə həm qanunverici, həm də icraedici orqanlar arasında ikitərəfli münasibətlərin qurulduğunu dedi. Bildirdi ki, Azərbaycanla Sudan BMT və İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində səmərəli əməkdaşlıq edirlər. Azərbaycan 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilərkən Sudanın  göstərdiyi dəstəyə görə, həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar müxtəlif beynəlxalq təşkilatlarda gedən müzakirələrdə daim Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Sudana minnətdarlıq ifadə olundu.
Görüşdə Məhəmməd Yusif Abdullah öncə Sudan Milli Assambleyası rəhbərliyinin salamlarını çatdırdı. Parlamentlərarası əməkdaşlığın möhkəmlənməsini arzuladıqlarını dedi. Sonra Sudan parlamentinin strukturu, fəaliyyəti barədə məlumat verdi. Son dövrlər dünyada gedən proseslərə diqqət çəkərək, artan təhlükələrə qarşı mübarizədə parlamentarilərin roluna dair mülahizələrini bölüşdü. Meydana çıxan təhlükələrə qarşı hökumətlərin mübarizə apara bilməsi üçün ölkələr arasında əməkdaşlığın güclənməsi zərurətini vurğuladı. Əlaqələrin dərinləşməsində səfirliklərin fəaliyyətinin vacibliyini qeyd etdi.
Söhbət zamanı Sudan parlamentinin komitə sədri dünya əhalisinin sayı artdıqca ərzaq ehtiyatlarının azalmasından narahatlıq ifadə etdi. Bu baxımdan Afrika ölkələrinin əziyyət çəkdiyini xüsusi vurğuladı.
Sonra deputatlarımız Asim Mollazadə və Fuad Muradov qonağa Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın regiondakı yeri və rolu, həyata keçirilən layihələr barədə ətraflı məlumat verdilər.
Görüşdə səmərəli fikir mübadiləsi aparıldı.

 

Milli Məclisin
Mətbuat xidməti

 


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU